Savaşın başlaması bundan asılı olacaq - YENİ DETALLAR

Savaşın başlaması bundan asılı olacaq -
Siyasət 12-03-2025 - 16:53

“Apreldə Ermənistanın hərbi əməliyyatlara başlaması ehtimalı çox azdır. Deyərdim ki, sıfıra bərabərdir. Sərhəddə kiçik çaplı, lokal xarakterli silahlı təxribatlar ola bilər”. 

Bunu Ajans.az-a açıqlamasında politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, bu məsələdə hər şey ABŞ və Rusiya arasındakı münasibətlərdən asılı olacaq: 

“Burada iki məqam var. Əgər ABŞ və Rusiya Ukrayna mövzusunda ortaq məxrəcə gələcəklərsə, görək Cənubi Qafqazda hərbi əməliyyatların olması onlara nə dərəcədə lazımdır və ya maraqlarına uyğundur? Bu, Rusiyanın konkret olaraq maraqlarına uyğun deyil, Rusiya üçün bu, yağışdan çıxıb yağmura düşmək olacaq. Rusiya Ukrayna mövzusunda ABŞ ilə hansısa razılıq əldə edir, bunun əvəzində özünün cənub cinahında yeni münaqişə ocağı yaranmasına razı olur? 

Rusiya üçün Ukrayna münaqişəsindən daha təhlükəli Cənubi Qafqazda böyük bir müharibənin alovlanmasıdır. Çünki burada vəziyyət nəzarətdən çıxsa, bu birbaşa keçəcək Rusiyanın Şimali Qafqaz bölgəsinə.

Yox əgər ABŞ və Rusiya Ukrayna məsələsində razılıq əldə etməsələr, Cənubi Qafqazda müharibə ehtimalı artıq güclənəcək”.

Politoloq eyni zamanda qeyd edib ki, burada daha təhlükəli məqam Ermənistanı istənilən halda dəstəkləyən, fəal şəkildə silahlandıran Fransa və onun "prezidenti" E. Makrondur:

"Çünki o, ortada atılıb-düşməkdən usanmır. ABŞ ona dəfələrlə yerini göstərib ki, Ukrayna və Avropanın təhlükəsizliyi məsələsində siz yerinizdə oturmalısınız. Makron bu baxımdan revanş götürmək üçün Ermənistanı hərbi əməliiyyatlara təhrik edə bilər. Lakin Ermənistan da bu məsələdə Fransanın aparıcı faktor olmadığını çox yaxşı başa düşür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

PAYLAŞ: