Boşanmalara çarə: Psixoloqlardan keçir?

Boşanmalara çarə:
Cəmiyyət 12-03-2025 - 17:14

"Ədliyyə nazirliyinin qeydiyyat orqanlarına boşanma üçün müraciət edənlər psixoloqlara yönləndirilir".

Bunu "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı ədliyyə nazirinin müavini Abiddin Hüseynov deyib.

O bildirib ki, rəqəmlərə nəzər salan zaman bunun effektiv nəticə verdiyi görünür:
"Rəqəmlər göstərir ki, boşanma üçün müraciət edənlərin 20 faizə yaxını psixoloqa müraciət edəndən sonra fikrini dəyişir".
Məsələyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı Ajans.az-a deyib ki, əslində, psixoloqlar cütlükləri boşanmadan çəkindirmir:


‘’Çünki psixoloqlar birbaşa məsləhət vermir və bu, birmənalıdır. Hansı psixoloq deyirsə ki, cütlüklərə məsləhət verirəm, bu yanlış yanaşmadır. Psixoloq insanlara məsləhət verə bilməz, çünki onların həyatını yaşamır. Psixoloqun verdiyi tövsiyələrin doğru olacağına isə tam zəmanət yoxdur. Amma psixoloq, insanın daxilində baş verən çəkişmələri aşkar edib, ona kömək edə bilər. Bu, bir növ "ayna effekti" kimi işləyir, insanın daxili dünyasını göstərir, mənfi və müsbət tərəflərini, travmalarını, cavabsız suallarını qarşı-qarşıya qoyur. Terapiya davamlı olduqda, nəticə möhtəşəm olur. Beləliklə, insan öz səhvlərini və doğru addımlarını görməyə başlayır. Təbii ki, insanın həyata baxışı dəyişir’’.
Sosioloq Lalə Mehralı isə bildirib ki, əgər əsl psixoloji yardım göstərilsə, ailələrin boşanma statistikası azala bilər:


‘’Populist fikirlərin və heç kəsə faydası olmayan psixoloqların sözündən uzaq durulmalıdır. Mediasiya şurasının tərkibinə belə bir xidmət daxil edilsə, çox sayda ailə bundan yararlanar. Lakin qeyd etmək lazımdır ki, bu xidmət pulsuz təşkil edilməlidir. Çünki ölkədə psixoloji xidmətlərin qiyməti yüksəkdir. Bəzən çox sadə səbəblərdən ailələr dağılır, məsələn, tərəflər bir-birini dinləmir. Halbuki, düzgün dinləmə və dəstək göstərilsə, ailələr özlərini qoruya bilərlər’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: