Salyanda yüzlərlə sakinin qarşılaşdığı problemə RƏSMİ REAKSİYA

Salyanda yüzlərlə sakinin qarşılaşdığı problemə
İcra Hakimiyyəti
Cəmiyyət 27-11-2024 - 12:12
 65

Xəbər verdiyimiz kimi, Salyan rayonu Fikrət Zərgərli küçəsində acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.

Belə ki, su xətti çəkənlər, kanalizasiya üçün yer qazanlar, işıq dirəklərini basdıranlar hələ Sovet dövründən qalma asfalt örtüyünü ən yüksək səviyyədə sıradan çıxara biliblər. Hazırda isə 500 nəfərdən çox ailənin yaşadığı ərazini əhatə edən bu küçə bərbad günə qalıb.

Problemi Ajans.az ətraflı formatda işıqlandırıb və maksimum şəkildə insanların diqqətinə çatdırıb. Xəbər yayıldıqdan sonra məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyətindən ciddi reaksiya verilib. 

“Məlumat üçün bildiririk ki, "Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli, 1723 nömrəli Sərəncamı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Salyan şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması işləri 2024-cü ilin fevral ayından başlanılmışdır. İşdə yol verdiyi qüsur və nöqsanlara görə bir neçə podratçı təşkilatlar fasilələrlə biri birini əvəz etmişlər. Bu səbəbdən də işdə ləngimələr olmuşdur.

Rayon rəhbərliyi podratçı şirkətlərin yerli rəhbərləri ilə görüşlər keçirmiş, işdə olan nöqsanlar və əhalinin haqlı narazılıqlarını bildirmiş və müəyyən tapşırıqlarını vermişdir.

Salyan şəhəri Fikrət Zərgərli küçəsində aparılan kanalizasiya xətlərinin yenidən qurulması zamanı küçədə aparılan qazıntı işləri əhali üçün çətinliklər yaratmış, sakinlər tərəfindən bu haqda müracətlər daxil olmuş və əhali ilə görüşlər aparılmışdır. Yenidənqurma işləri aparılan küçələrdə təmir-bərpa işləri davam etdirilir və bu işləri bitdikdən sonra küçələrin əvvəlki vəziyyətinin bərpa edilməsi əhalinin nəzərinə çatdırılmışdır.

Bildiririk ki, əvəz edilmiş podratçı təşkilat hazırda rayon ərazisində tərtib edilmiş layihə əsasında küçələrdə quyuların və xətlərin çəkilməsi işlərini davam etdirir. Eyni zamanda rayon rəhbərliyi görülən işləri nəzarətə götürmüşdür”, - deyə, qurumdan bildirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: