Reklam resmi
Reklam resmi

Epşteynin ölümündən əvvəl zəng etdiyi son şəxs milyonçu ola bilər

Dünya

Belarus əsilli Karina Şulyak amerikalı maliyyəçi və cinsi cinayətlərə görə məhkum olunmuş Ceffri Epşteynin sərvətinin potensial varislərindən biri hesab olunur.

Ajans.az xəbər verir ki, bu barədə The New York Times nəşri məlumat yayıb.

Məlumata görə, Şulyak 2019-cu ildə həbsxanada ölən Epşteynin ölümündən əvvəl telefonla əlaqə saxladığı sonuncu şəxs olub. İstintaq materiallarında onun 100 milyon dollara qədər vəsait əldə edə biləcəyi ehtimalı qeyd olunur.

Hazırda 37 yaşlı diş həkimi olan Karina Şulyak Epşteynlə 21 yaşında tanış olub. Uzunmüddətli münasibətlərinə baxmayaraq, o, Epşteynlə bağlı cinayət işlərində zərərçəkmiş şəxs kimi tanınmayıb və özü də heç vaxt belə status tələb etməyib.

Nəşrin məlumatına əsasən, yazışmalar Epşteynin Şulyakın stomatologiya məktəbinə qəbuluna və ABŞ vətəndaşlığı almasına kömək etdiyini göstərir. Bildirilir ki, o dövrdə Epşteyn eyni cinsli nikahın "yaşıl kart" əldə etməyin ən sürətli yollarından biri olduğunu hesab edib.

Bu il ABŞ Konqresi Epşteyni immiqrasiya sistemindən sui-istifadədə ittiham edib və Şulyakın nikahının formal xarakter daşıya biləcəyini irəli sürüb. Bununla belə, ABŞ hakimiyyəti onun vətəndaşlığını mübahisələndirməyib.

Şulyakın dostlarından birinin sözlərinə görə, Epşteyn əvvəlcə onu növbəti qurbanı kimi görsə də, sonradan münasibətləri dəyişib. Bildirilir ki, maliyyəçi onun müxtəlif səfərlərini və tədbirlərini maliyyələşdirib, daha sonra isə Şulyak Epşteynin ABŞ-ın Vircin adalarındakı malikanəsini ziyarət edib və Nyu-Yorkdakı evində yaşayaraq əmlakın idarə edilməsində iştirak edib.

2019-cu ilin əvvəlində onlar birlikdə Parisə səfər ediblər. ABŞ-a qayıtdıqdan sonra Epşteyn həbs olunub. Məlumata görə, ölümündən bir gün əvvəl o, Şulyaka zəng edərək ona müvəqqəti olaraq başqa yerə köçməyi və "güclü olmağı" tövsiyə edib. Ertəsi gün isə Epşteyn həbsxana kamerasında ölü tapılıb.

Nəşr bildirir ki, ölümündən az əvvəl Epşteyn vəsiyyətnaməsinə dəyişiklik edərək təxminən 600 milyon dollarlıq əmlakının əhəmiyyətli hissəsini, o cümlədən brilyant üzüyü, "evlilik ərəfəsində" olduğu Karina Şulyaka vəsiyyət edib.

Xatırladaq ki, Ceffri Epşteyn 2008-ci ildə fahişəliyin təşkili ilə bağlı ittiham üzrə təqsirini etiraf etmiş, 2019-cu ildə isə yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alveri ilə bağlı ittihamlarla yenidən həbs olunmuşdu. Həmin ilin avqustunda o, həbsxanada ölü tapılıb. Rəsmi versiyaya görə, Epşteyn intihar edib

author picture
Leyla Bayandurlu
Mövzular:
Ceffri Epşteyn ABŞ

Digər Xəbərlər