Gürcüstanda ilk dəfə ANA SÜDÜ BANKI fəaliyyətə başlayıb
Gürcüstanda ilk dəfə Ana Südü Bankı Batumidə, İaşvili adına Mərkəzi Ana və Uşaq Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açılış mərasimində Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze iştirak edib.
Nazir bildirib ki, Ana Südü Bankının yaradılması ölkədə ana və uşaq sağlamlığı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xüsusilə də yüksək risk qrupuna aid yeni doğulmuş körpələrin sağlam böyümə və inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Acarıstanın səhiyyə və sosial müdafiə naziri Nino Nijaradzenin sözlərinə görə, proqram vaxtından əvvəl doğulan və yüksək risk qrupuna daxil olan yeni doğulmuş körpələrin sağlamlığının qorunmasına mühüm töhfə verəcək.
Onun sözlərinə görə, layihənin əsas məqsədi təhlükəsiz müalicə şəraiti yaratmaq, körpələrin tam inkişafını dəstəkləmək, ağır infeksiyalar və inkişaf gerilikləri kimi fəsadların riskini azaltmaqdır.
Nazirlikdən bildirilib ki, proqram çərçivəsində donor ana südü yalnız tibbi göstərişlər əsasında seçilən yüksək riskli yeni doğulmuş körpələrə təqdim olunacaq. Süd tibb müəssisələrinin müraciəti əsasında vauçer sistemi vasitəsilə təmin ediləcək.
Açılış mərasimində Gürcüstan parlamentinin, Acarıstan hökumətinin, tibb müəssisələrinin nümayəndələri, neonatoloqlar və pediatrlar da iştirak ediblər.