Tokayevin prezidentlik müddəti yenidən hesablanacaq
Qazaxıstan Konstitusiya Məhkəməsi Prezident Qasım-Jomart Tokayevin səlahiyyət müddətinin ölkənin yeni Konstitusiyasının qüvvəyə minməsi ilə yenidən hesablandığını açıqlayıb.
Ajans.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, 1 iyul 2026-cı ildə qüvvəyə minən yeni Konstitusiya çərçivəsində Tokayevin prezidentlik müddəti yenidən başlanmış hesab olunur.
Qasım-Jomart Tokayev 2019-cu ildə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin varisi kimi dövlət başçısı vəzifəsinə gəlib. Əvvəlki Konstitusiyaya əsasən, onun prezidentlik səlahiyyətləri 2029-cu ilədək davam etməli idi.
Reuters agentliyinin məlumatına görə, Konstitusiya Məhkəməsi bildirib ki, 1995-ci il Konstitusiyası əsasında vəzifə tutmuş şəxslər yeni – 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra həmin vəzifələrə yenidən seçilə və ya təyin oluna bilərlər.
Qərarda qeyd edilir ki, yeni Konstitusiyanın tətbiqi baxımından, 1 iyul 2026-cı ildən sonra baş tutacaq seçki və ya təyinat həmin şəxslər üçün ilk seçilmə və ya təyinat hesab ediləcək.
Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı Tokayevin prezidentlik müddətinin yeni Konstitusiya əsasında yenidən hesablanmasını nəzərdə tutur.