FİFA-dan Mbappeyə dəstək: İrqçiliyin kökü kəsilməlidir
FİFA prezidenti Canni İnfantino Paraqvaylı senator Seleste Amarillanın Fransa millisinin kapitanı Kilian Mbappeyə ünvanladığı irqçi açıqlamaları qətiyyətlə pisləyib.
Ajans.az xəbər verir ki, İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib.
Məlumata görə, senator Seleste Amarilla 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində Fransa yığmasının Paraqvayı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra yeganə qolu vuran Kilian Mbappe barədə irqçi ifadələr işlədib.
Hadisədən sonra Fransa Futbol Federasiyası məsələ ilə bağlı prokurorluğa müraciət edərək, senatorun açıqlamalarını qəbuledilməz adlandırıb.
"Kilian Mbappeyə qarşı səsləndirilən irqçi açıqlamaları qətiyyətlə pisləyirəm. Futbol ictimaiyyəti və bütün cəmiyyət Fransa millisinin kapitanı ilə həmrəydir. Biz irqçiliyə qarşı mübarizə aparmalı və onu kökündən aradan qaldırmalıyıq", – deyə İnfantino bildirib.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən İspaniyanın "Real Madrid" klubunun formasını geyinir. O, Fransa millisi ilə 2018-ci ildə dünya çempionu olub, 2022-ci il Dünya Çempionatında isə gümüş medal qazanıb.
Fransa millisi 2026-cı il Dünya Çempionatının 1/4 final mərhələsində Mərakeşlə qarşılaşacaq. Turnirin finalı iyulun 19-da keçiriləcək.