Reklam resmi
Reklam resmi

Rusiyaya HÜCUM: Bu şəhər işıqsız və susuz qaldı

Rusiyaya HÜCUM: Bu şəhər işıqsız və susuz qaldı
Dünya

Rusiyanın Belqorod şəhəri iyulun 3-nə keçən gecə raket hücumuna məruz qalıb. Hücum nəticəsində bir qadın həlak olub, enerji infrastrukturuna ciddi ziyan dəyib, şəhərin bir sıra ərazilərində isə elektrik və su təchizatı kəsilib.

Ajans.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin regional əməliyyat qərargahı məlumat yayıb.

Məlumata görə, raket zərbəsi nəticəsində bir mülki şəxs həyatını itirib. Bundan əlavə, beş avtomobilə ziyan dəyib. Belqorod meri Valentin Demidovun sözlərinə görə, həlak olan qadın hücum zamanı avtomobilində olub.

Yerli "Pepel" nəşrinin məlumatına əsasən, hücum nəticəsində "Yujnaya" elektrik yarımstansiyası və "Energo" İstilik Elektrik Stansiyası (İES) zədələnib. Hər iki obyektdə yanğın baş verib və şəhərin üzərində qatı qara tüstü müşahidə olunub.

Hücumdan sonra Belqorodun bir neçə bələdiyyəsində elektrik və su təchizatında fasilələr yaranıb.

Qeyd olunur ki, Ukrayna qüvvələri bundan əvvəl də Belqorodun enerji infrastrukturuna zərbələr endirib. Ukrayna tərəfi bu hücumları Rusiyanın Ukraynanın enerji obyektlərini hədəfə almasına cavab kimi qiymətləndirib. Prezident Volodimir Zelenski daha əvvəl bu məsələyə münasibət bildirərək demişdi:

"Əgər bizi işıqsız qoymaq istəyirlərsə, biz də eyni şeyi edəcəyik."

Xatırladaq ki, iyulun 2-də Rusiya ordusu Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Zərbələr nəticəsində paytaxtın bir neçə rayonunda yaşayış binaları dağılıb, ümumilikdə 20-dən çox bina, hotel, təcili tibbi yardım stansiyası və zoopark zərər görüb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində 30 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücum zamanı ballistik raketlər də daxil olmaqla 570 hava hücumu vasitəsindən istifadə etdiyini, onlardan 524-nün hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Kiyev meri Vitali Kliçko bu hücumu müharibə başlayandan bəri paytaxta endirilən ən genişmiqyaslı zərbələrdən biri adlandırıb. İyulun 3-ü Kiyevdə matəm günü elan edilib.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Ukraynaya endirilən zərbələr Rusiyanın mülki infrastrukturuna qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıyıb. Nazirliyin məlumatına görə, hücumların hədəfi Kiyev və Kiyev vilayətindəki hərbi-sənaye müəssisələri, yanacaq-enerji infrastrukturu, eləcə də Dnepr, Poltava, Çerkası və Çerniqov vilayətlərində yerləşən hərbi aerodrom obyektləri olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər