Rusiyada yanacaq böhranı: Yükdaşımalar iflic olur
Rusiyada müşahidə olunan yanacaq çatışmazlığı yükdaşımaları sektorunda ciddi problemlərə səbəb olub. Bazar iştirakçılarının sözlərinə görə, vəziyyət artıq ölkənin demək olar ki, bütün regionlarını əhatə edir və logistika şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərir.
Ajanas.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, VIG Trans şirkətinin təsisçisi İqor Rebelski bildirib ki, xüsusilə Sibir, Rusiyanın cənubu və bəzi sərhəd bölgələrində yanacaq təchizatında fasilələr və məhdudiyyətlər müşahidə olunur. Onun sözlərinə görə, bu vəziyyət marşrutların planlaşdırılmasını çətinləşdirir.
"Optimalog" logistika şirkətinin rəhbəri Georgi Vlastopulo qeyd edib ki, bəzi yanacaqdoldurma məntəqələrində növbələr günlərlə davam edir. Nəticədə, Çin marşrutu üzrə yük maşınlarının gündəlik hərəkət məsafəsi 600–700 kilometrdən təxminən 500 kilometrə qədər azalıb.
Bununla yanaşı, yanacaq şirkətləri daşıyıcılar üçün tətbiq olunan bonus və endirim proqramlarını da məhdudlaşdırmağa başlayıblar. Əvvəllər 16 faizə çatan endirimlər hazırda 3,5 faizə qədər azaldılıb. PEK şirkətinin direktor müavini Vadim Filatov bildirib ki, kiçik daşıyıcılara bir dəfəyə maksimum 60 litr yanacaq satılır. Bu isə yük maşınlarının yanacaqdoldurma sayını 1,5–3 dəfə artırıb.
Mütəxəssislərin sözlərinə görə, artan xərclər fonunda bir çox nəqliyyat şirkəti yükdaşımaların tariflərini artıq 10 faizə qədər qaldırmağa başlayıb.
Vlastopulonun sözlərinə görə, son həftə yarım ərzində Çindən Rusiyaya yük daşınmasının dəyəri hər reys üzrə orta hesabla 700 dollar artıb. AKFA şirkətinin kommersiya direktoru Aleksey Çernışev isə bildirib ki, Mançuriyadan Moskvaya yükdaşımaların qiyməti cəmi bir həftədə 50–70 min rubl bahalaşıb və yaxın vaxtlarda daha 200 min rubl artım gözlənilir.
Ekspertlər qeyd edirlər ki, yanacaq qıtlığı səbəbindən bir çox kiçik daşıyıcı uzunməsafəli sifarişləri qəbul etmir və ya xidmət haqqını əhəmiyyətli dərəcədə artırır. Bu isə ölkədaxili və beynəlxalq logistika zəncirində əlavə çətinliklər yaradır.
Sektor nümayəndələrinin fikrincə, mövcud vəziyyət yaxın həftələrdə dəyişməz qalarsa, yükdaşımaların qiymətlərində daha ciddi artımlar qaçılmaz olacaq. Bununla yanaşı, boş konteyner çatışmazlığı və yüksək logistika xərcləri səbəbindən daşıyıcıların dəmir yoluna keçməsi də real alternativ hesab edilmir.