Bu ölkədə dəhşətli qətl: Ev sahibini kirayə haqqı üstündə ÖLDÜRDÜLƏR
Cənubi Afrikada kirayə haqqı ilə bağlı yaranan mübahisə dəhşətli qətllə nəticələnib. Kirayə haqqını ödəməkdən imtina etdikdən sonra evdən çıxarılan üç nəfər ev sahibinə hücum edərək onu amansızlıqla qətlə yetirib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 45 yaşlı Menzi Jali Kvazulu-Natal əyalətinin Parkgate yaşayış məntəqəsində anasına məxsus evdə üç nəfərə otaq kirayəyə verib. Tərəflər 2026-cı ilin fevralında aylıq 500 rand məbləğində kirayə haqqı ödənilməsi barədə razılığa gəlsələr də, kirayəçilər ödənişləri mütəmadi gecikdirib, endirim tələb edib və bəzən ümumiyyətlə ödəniş etməyiblər.
İyunun 19-da vəziyyətdən bezən ev sahibi polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra kirayəçilər evi tərk etsələr də, geri qayıdaraq ev sahibindən qisas alacaqlarını bildiriblər.
Təhdidlərdən narahat olan Menzi Jali təhlükəsizliyi üçün qohumlarından birini evdə qalmağa dəvət edib. Lakin bir müddət sonra keçmiş kirayəçilər yenidən evə gələrək iti alətlərlə ona hücum ediblər.
İlkin məlumata görə, zərərçəkən qaçmağa çalışsa da, hücumçular onu yaxalayaraq ağır xəsarətlər yetiriblər. Aldığı xəsarətlər nəticəsində Menzi Jali hadisə yerində həyatını itirib. Hücumdan sonra şübhəlilər şahidləri də hədələyərək ərazidən qaçıblar.
Polis hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açıb. Hazırda hücumda şübhəli bilinən üç nəfərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı məlumatı olan şəxsləri istintaqa kömək etməyə çağırıblar.