Kral III Çarlz Bukinqem Sarayını TƏRK ETDİ
Böyük Britaniya kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla Bukinqem Sarayını daimi yaşayış yeri kimi istifadə etməyəcəklər.
Ajans.az xəbər verir ki, bu barədə The Daily Beast nəşri məlumat yayıb.
Məlumata görə, III Çarlz 2022-ci ildə taxta çıxdıqdan sonra Bukinqem Sarayında aparılan genişmiqyaslı təmir işləri səbəbindən oranı tərk edib. O vaxtdan bəri kral əsasən Vindzor qəsri və tacqoyma mərasimindən əvvəl yaşadığı Klarens Evində məskunlaşıb.
Bildirilir ki, təmir işləri başa çatdıqdan sonra da kral cütlüyü Bukinqem Sarayına köçməyi planlaşdırmır.
Qərara əsasən, Bukinqem Sarayı bundan sonra da Britaniya monarxiyasının rəsmi mərasimlərinin keçirildiyi əsas məkan, kral administrasiyasının fəaliyyət göstərdiyi mərkəz və turistlərin ziyarət edə biləcəyi tarixi kompleks kimi fəaliyyətini davam etdirəcək. Lakin III Çarlz və Kraliça Kamilla burada yaşamayacaqlar.
Qeyd edək ki, Bukinqem Sarayı 1837-ci ildə Kraliça Viktoriyanın taxta çıxmasından sonra Britaniya monarxlarının əsas rəsmi iqamətgahı statusunu daşıyır.