Putin Sülh Şurasına 1 milyard dollar göndərməyə RAZILIQ VERİB
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına 1 milyard dollar göndərməyə hazır olduğunu açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Putin fələstinli həmkarı Mahmud Abbasla Kremldə keçirilən görüşdə bildirib:
“Biz yeni struktur – Sülh Şurasına 1 milyard dollar göndərməyə hazırıq. İlk növbədə, bu vəsaitlərdən Qəzza zolağının bərpası və ümumilikdə Fələstin problemlərinin həlli üçün istifadə edilərək Fələstin xalqı dəstəklənəcək”.
Abbas isə Rusiya dəstəyinin ölkəsi üçün “böyük əhəmiyyət kəsb etdiyini” vurğulayıb.
Putin əlavə edib ki, Sülh Şurasına göndəriləcək vəsait əsasən ABŞ-da əvvəlki administrasiya dövründə dondurulmuş aktivlərdən istifadə oluna bilər. Moskva və Vaşinqton bu ssenarini əvvəllər müzakirə edib. Rusiya Prezidenti qeyd edib ki, bu mövzu 22 yanvar tarixində Trampın xüsusi elçisi Stiv Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə Kremldə keçiriləcək görüşdə yenidən müzakirə olunacaq.