Çindən Azərbaycana gələnlərin sayı 60% artıb
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ajans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan - 1,8 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 44,3 faiz, Qırğızıstandan - 40,5 faiz, İordaniyadan - 20,7 faiz, Niderlanddan - 19,1 faiz, Qazaxıstandan - 18,3 faiz, ABŞ-dan - 17,7 faiz, Pakistandan - 16,7 faiz, Kanadadan - 16 faiz, İtaliyadan - 13,2 faiz, Cənubi Koreyadan - 13,0 faiz, Almaniyadan - 11,1 faiz, Özbəkistandan - 10,3 faiz artıb.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,0 faiz azalaraq 186,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,3 faiz azalaraq 422,9 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 5,8 faiz artaraq 558,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.