Moskvada ticarət mərkəzində atışma - Yaralılar var

Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində yerləşən “Krasnıy kit” ticarət mərkəzində atışma olub.
Ajans.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti bildirib.
“Şarapovo yolunda yerləşən ticarət mərkəzində atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Qanun pozucusu saxlanılıb”, - qurumun məlumatında qeyd olunub.
İnsident yerli vaxtla saat 17:10 radələrində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Polis artıq atəş açan şəxsi saxlayıb.
Məlumata görə, ziyarətçi ticarət mərkəzinin mühafizəçisi ilə münaqişə edib, nəticədə həmin şəxs silahdan bir neçə dəfə atəş açıb.
Rusiya İstintaq Komitəsi insidentlə bağlı cinayət işi açıb.