Marketdəki meyvələrdə niyə iynə izi olur? - Ekspert TƏHLÜKƏNİ AÇIQLADI

Marketdəki meyvələrdə niyə iynə izi olur? -
Cəmiyyət 13-03-2025 - 16:55

“Bəzən məlumatlar yayılır ki, guya meyvələrə şirinləşdirmək, çəkisini artırmaq və ya xarab olmaması üçün iynə ilə hansısa maddələr yeridilir. Texniki olaraq bu mümkündür, amma bunun kütləvi şəkildə marketlərdə tətbiq olunması praktiki və iqtisadi cəhətdən çox məntiqsizdir. Birincisi, belə bir proses hər meyvəyə əl ilə müdaxilə tələb edir. Bu, vaxt və resurs baxımından sərfəli deyil. İkincisi, kimsə meyvəni şirə və ya kimyəvi maddə ilə "doldurmaq" istəsə, bunu iynə izi qalacaq şəkildə kobud formada etməz”.

Bunu Ajans.az-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib. Onun sözlərinə görə, meyvələrdəki kiçik dəliklər, izlər iynə ilə deyil, təbii səbəblərlə, məsələn həşarat zədəsi, budaq izi və ya daşınma zamanı zədələnmə ilə bağlı ola bilər:

“Əgər belə bir haldan şübhəmiz varsa, meyvəni kəsib yoxlaya bilərik. Vurulmuş maddə varsa, adətən dadı və ya qoxusu fərqli olar. Lakin elmi araşdırmalar bu cür iddiaları təsdiqləmir.

Əgər meyvələr həqiqətən kimyəvi maddələrlə və ya qeyri-qanuni üsullarla "işlənibsə", potensial təhlükələr ola bilər. Normadan artıq pestisid orqanizmə daxil olarsa, qısa müddətdə baş ağrısı, ürəkbulanma, allergiya kimi simptomlar, uzun müddətdə isə sinir sistemi və ya hormonal pozğunluqlar yarada bilər. Meyvələr antisanitar şəraitdə saxlanılıbsa, E. coli və ya salmonella kimi bakteriyalar ola bilər. Bu hal xüsusilə yuyulmadan yeyilən meyvələrdə risk yaradır”.

Ekspert bildirib ki, pestisidlər zərərvericilərə qarşı istifadə olunan kimyəvi maddələrdir:

“Bu maddə meyvələrin yetişdirilməsində geniş yayılıb. Əgər bu maddələr normadan artıq istifadə olunarsa və ya meyvələr yaxşı yuyulmazsa, qalıqlar insan sağlamlığına zərər verə bilər. Həmçinin bəzi meyvələrin görünüşünü yaxşılaşdırmaq üçün parafinlə örtülür ki, bu da istehlakçıları narahat edən bir haldır. Meyvə alarkən onları yaxşı yumaq və mümkün qədər etibarlı mənbələrdən almaq daha faydalı olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: