“İnfarkt keçirməmişəm, Bakıya gəlməyi uzun zamandır gözləyirdim” - Video

“Səhnə çox əcaib yerdir, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.
Ajans.az xəbər verir ki, bunu türkiyəli müğənni Özcan Dəniz Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Bakıda təşkil olunan konsert proqramı zamanı deyib.
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - müğənni əlavə edib.
Tanınmış müğənni konsert zamanı repertuarından seçmə mahnılar səsləndirib.
O qeyd edib ki, oktyabrda “Anadolu Events”in dəvəti ilə Azərbaycanda növbəti dəfə konsert verəcək.
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçirilən konsertinə biletlər cəmi 15 gün ərzində bitib.
Qeyd edək ki, Eyyub Hüseynzadənin təşəbbüsü ilə 2012-ci ildən fəaliyyət göstərən “Anadolu Events” indiyə qədər Bakıda Mahsun Kırmızıgül, Sıla, Teoman, Yalın, Aslı Güngör, Kolpa, Ferhat Göçerin konsertlərini təşkil edib. Konsertlərin hər biri anşlaqla yekunlaşıb.