Hərbi xidmət yaşı dəyişdirildi: Orduya daha gənc əsgərlər gəlir - DETALLAR

Hərbi xidmət yaşı dəyişdirildi:
Hərbi xidmət yaşı
Cəmiyyət 16-12-2024 - 17:24
 177

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklikləri I oxunuşda müzakirə edib. Təklifə əsasən, müddətli həqiqi hərbi xidmət keçməmiş Azərbaycan vətəndaşlarının yaş həddi 18-dən 30 yaşadək olacaq.

Hazırda bu hədd 18-dən 35 yaşadəkdir. Həmçinin Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.

Məsələ ilə bağlı hərbi ekspert Ramiz Şərifov Ajans.az-a açıqlamasında dəyişikliklərin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, hərbi xidmət üçün yaş həddinin 35-dən 30-a endirilməsi çox müsbət bir haldır:

“Yaşı çox olan hərbçilər heç vaxt gənc əsgərlərlə tam uyğunlaşa bilmir. Mən müxtəlif briqadalarda - Zirə, Kürdəmir və Mingəçevirdə olduğum zaman müşahidə etmişəm ki, gənc əsgərlər cəldlik, çeviklik və düşüncə gücü baxımından daha üstün olurlar. Onlara döyüş taktikalarını və hərbi bacarıqları öyrətmək daha asandır. Amma yaşı çox olan əsgərlər üçün bu, daha çətin olur. Buna görə də xidmət yaş həddinin 35-dən 30-a endirilməsi hərbi xidmətin keyfiyyətini artırmağa kömək edəcək”.

Ekspert əlavə edib ki, ali təhsil alan gənclərin magistratura təhsilinə görə hərbi xidmətdən möhlət hüququ alması məsələsi isə yenidən gündəmdədir:

“Magistraturanı bitirən gənclərə möhlət hüququnun tanınması bir qədər mübahisəli məsələdir. Çünki ölkəmizdə ali təhsili bitirən gənclərin əksəriyyəti magistratura təhsilinə davam edir. Bu isə hərbi xidmətə çağırış prosesini çətinləşdirir. Ona görə də magistraturanı bitirən şəxslərə möhlət hüququnun verilməsi məntiqli deyil.”

Ramiz Şərifov hərbi xidmətə çağırış yaşının 18-də saxlanılmasını müsbət hal kimi qarşılayıb:

“Hazırda əsgərliyə çağırış yaşının artırılmasına ehtiyac yoxdur. Əksinə, yaş nə qədər aşağı olarsa, gənclərin qavrama və öyrənmə bacarıqları bir o qədər yüksək olur. 18 yaşlı gənc əsgərlər həm fiziki, həm də psixoloji cəhətdən daha çevik və daha götürümlü olurlar. Bu yaş dövrü əsgərlik üçün idealdır və dəyişdirilməsinə ehtiyac yoxdur.”

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: