Gündəm olan SOSİAL MESAJ: Cinsi təhsil vacibdirmi? - İKİ TƏRS ASPEKT

Gündəm olan SOSİAL MESAJ: Cinsi təhsil vacibdirmi? -
təhsil
Cəmiyyət 28-10-2024 - 19:28

Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilən “Vətəndaş A” serialında yayımlanan bir fraqment sosial şəbəkələrdə gündəm olub. Belə ki, verilən sosial mesaj məktəblərdə cinsi tərbiyənin keçirilmə zərurəti ilə bağlı olub. Bu məsələ nəinki sözügedən serialda, hətta bir neçə dəfə də ölkədə aktual mövzu olaraq qalıb. İnsanların bir qismi düşünür ki, uşaqlar bu barədə maarifləndirilməlidir, bəziləri də düşünür ki, bu əxlaqsızlığın təbliğidir.

Bəs, məktəblərdə həqiqətən də bu sahədə maarifləndirici dərslər tətbiq olunmalıdırmı?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, orta məktəblərdə cinsi tərbiyə tədrisi, uşaqların sağlamlıq və münasibətləri haqqında düzgün biliklərə yiyələnməsi baxımından vacibdir:

“Mütəxəssislər vurğulayır ki, uşaqların yaşlarına uyğun və elmi əsaslara söykənən cinsi tərbiyə onları həm fiziki, həm də emosional təhlükələrdən qoruyur. Bu tədrisin əsas məqsədi şagirdlərin bədənini tanımasını, cinsi sağlamlıq haqqında məlumat almasını və sağlam münasibətlər qurmağı öyrənməsini təmin etməkdir. Belə bir proqramın tədrisi uşaqları cinsəlliklə bağlı tabulardan azad edir və düzgün davranışların inkişafına kömək edir.

Cinsi tərbiyə proqramları bir neçə mərhələdən ibarətdir və dünya təcrübəsində uşaqların yaşına görə uyğunlaşdırılır. Məsələn, Finlandiya və İsveçdə cinsi tərbiyə 6 yaşdan başlanır və uşaqlara öz bədənlərini tanımaq, bədən hissələrini adlandırmaq və fərdi sərhədləri anlamaq öyrədilir. İllər keçdikcə bu proqramlarda cinsi sağlamlıq, gigiyena, münasibətlər, zorakılıqdan qorunma və yetkinlik problemləri kimi mövzular müzakirə olunur. ABŞ və İngiltərə kimi ölkələrdə də oxşar yanaşmalar mövcuddur. UNESCO-nun cinsi tərbiyə standartlarına əsaslanan tədris proqramları isə geniş məlumat verir və bu bilikləri düzgün, elmi və psixoloji yanaşmalarla çatdırır.

Cinsi tərbiyə tədrisində diqqət edilməli əsas məqamlar uşaqların anlayacağı dildə, yaşlarına uyğun və tədricən biliklərin çatdırılmasıdır. Tədrisin ilkin mərhələlərində bədən hissələrinin adları, fərdi məkan və hörmət anlayışları öyrədilməli, daha sonra yeniyetməlik dövründə gigiyena, cinsi sağlamlıq və emosional münasibətlər kimi mövzulara keçilməlidir. Bu proses elmi yanaşmaya əsaslanmalı və uşaqlara qorxu və utanc hissi vermədən həyata keçirilməlidir. Məqsəd, uşaqlara özlərini qorumağı, sağlam qərarlar qəbul etməyi və fərdi məsuliyyəti dərk etməyi öyrətməkdir.

Tədrisin bu şəkildə keçirilməsi yalnız fərdi sağlamlıq üçün deyil, həm də cəmiyyətin sosial rifahı üçün vacibdir. Dünya Səhiyyə Təşkilatı (DST) və UNESCO kimi beynəlxalq təşkilatlar vurğulayır ki, cinsi tərbiyə proqramları cinsi xəstəliklərin və erkən hamiləliyin azalmasına səbəb olur. Azərbaycanda da belə proqramların tətbiqi bu problemlərin qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər. Ancaq cəmiyyətdə cinsi tərbiyəyə dair mövcud sosial və mədəni çətinliklər proqramların inkişafını çətinləşdirir.

Beləliklə, cinsi tərbiyənin tədrisi məktəblərdə uşaqların cinsi sağlamlığına, fiziki və emosional rifahına dəstək olur. Bunun üçün yaşa uyğun biliklərin verilməsi, valideynlərin dəstəyi və müəllimlərin xüsusi təlim alması zəruridir. Bu mövzuda dünya təcrübəsi göstərir ki, düzgün və balanslı yanaşma uşaqların sağlam və məsuliyyətli fərd kimi formalaşmasına əhəmiyyətli töhfə verir”.

Problemin psixoloji aspektinə gəldikdə isə, psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, cinsi təhsil barədə kifayət qədər materiallar mövcuddur:

“Əslində, bizdə illər əvvəl insan və cəmiyyət adlı kitab var idi. O kitabda dəyərlər, ailə, qadın-kişi əxlaqı haqqında mövzular yer alırdı. Bundan əlavə, anatomiya kitabında qadın və kişinin cinsiyyəti, uşağın necə dünyaya gəlməsi və s. hamısı mövcuddur. Düşünürəm ki, məlumatlar kifayət qədər mövcuddur. Hər bir yaş aralığına uyğun informasiya var. Yəni, cinsi tərbiyə ilə bağlı kifayət qədər dərsliklər var. Ona görə də deyə bilərəm ki, cinsi tərbiyə sovet vaxtından olub. Bunu ordan-buradan öyrənmək deyə bir şey yoxdur. İnsan yaşadıqca öyrənir. Mən düşünürəm ki, bu haqda danışmaqdansa, ailə dəyərləri haqqında olan dərsliklərə ağırlıq verilməlidir. Özümüzün milli-mənəvi dəyərlərimizə üstünlük olsa, daha yaxşı olar. Biz özümüzü itirmədən milli dəyərlərimizi öyrənməliyik. Çünki bir insanın yetişməsi üçün onun əxlaqi dəyərlərə də ətraflı yiyələnməsi çox dəyərlidir”.

View this post on Instagram

A post shared by @vetendas_a_serial

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: