Dünənki buraxılış imtahanları daha çətin olub? – AÇIQLAMA

Dünənki buraxılış imtahanları daha çətin olub? –
Cəmiyyət 10-03-2025 - 12:25

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda 58732 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahandan sonra müəllimlər və şagirdlər dünənki imtahanın martın 2-də keçirilən imtahandan fərqləndiyini, riyaziyyat suallarının ilk imtahana nisbətən çətin olduğunu və ingilis dili fənnində dinləmədə problemlər olduğunu iddia edib.

Suallarımızı cavablandıran ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Ajans.az" a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin sistemi və son illərdə keçirilən imtahanlarla bağlı cəmiyyətdə, sosial şəbəkələrdə müəyyən iradlar səsləndirilir:


‘’Bu da DİM-in iş prinsipində bəzi problemlərin mövcud olduğunu göstərir. Hər il, xüsusilə də blok imtahanlarında bu tip məsələlər gündəmə gəlir. Ən çox iradlar ingilis dilində dinləmə, tərcümə və sualların keyfiyyəti ilə bağlı olur.
Əgər bu narazılıq yalnız 3-5 nəfər tərəfindən bildirilsəydi, bunu qərəzli yanaşma kimi qiymətləndirmək olardı. Lakin artıq kütləvi narazılıq müşahidə olunur və bu da DİM-in öz iş prinsipinə yenidən baxmalı olduğunu göstərir. Onsuz da abituriyentlər imtahan zamanı gərginlik içində olurlar. Üstəlik, bu kimi problemlər yarananda, imtahana girənlər nə ilə qarşılaşacaqlarını bilmirlər və nəticə bəxt məsələsinə çevrilir. Fikrimcə, sabit və şəffaf bir sistem yaradılmalıdır. DİM ya imtahanı həyata keçirən qurum olmalıdır, ya da yalnız test bankının hazırlanması ilə məşğul olmalıdır. Bundan əlavə, Elm və Təhsil Nazirliyi heç olmasa buraxılış imtahanlarını özü keçirməlidir. Əks halda, DİM-in hazırladığı suallar bir cür, təhsil prosesində keçirilən təlimlər isə tamamilə fərqli olur. Bu da abituriyentlər və məzunlar üçün çətinlik yaradır.
Ümumilikdə, bu məsələlər tənzimlənməli, DİM-in iş prosesində yeniliklər aparılmalıdır. Buraxılış imtahanlarına girən məzunlar haqlı olaraq bu problemləri qaldırırlar və onların etirazları diqqətə alınmalıdır’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: