Dövlət işçilərinə əlavə maaş veriləcək? - MÜHÜM XƏBƏR
![Dövlət işçilərinə əlavə maaş veriləcək? -](https://ajans.az/uploads/images/202502/image_940x_67ac62f90494b.webp)
Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və adət-ənənələrini özündə əks etdirən ən mühüm bayramlardan biridir. Bu bayram ərəfəsində dövlət qurumlarında çalışan işçilərin əmək fəaliyyətinin stimullaşdırılması və onların sosial təminatının gücləndirilməsi məsələsi aktuallıq qazanır.
Bəs dövlət bayramları, o cümlədən Novruz ərəfəsində dövlət işçilərinə əlavə mükafatlar (bonuslar) və ya "premiya" verilməsi qanunvericiliyə uyğun olaraq mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Ajans.az-a bildirib ki, dövlət büdcəsindən maliyyələşən qurumlar və nazirliklərə ayrılan vəsait ilin sonuna qədər xərclənmədiyi təqdirdə geri qaytarılır:
"Qanunvericilikdə belədir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar və nazirliklər onlara ayrılan vəsaiti ilin sonuna qədər xərcləyə bilməsələr, həmin vəsait geri qaytarılmalıdır. Dekabrın sonuna qədər bu vəsait əsaslandırılmış şəkildə ya xərclənməlidir, ya da dövlət büdcəsinə geri qaytarılmalıdır. Çox zaman biz görürük ki, 4-cü kvartalda – oktyabr, noyabr, dekabr aylarında büdcə xərcləmələri kifayət qədər artır. Bu, digər rüblərə nisbətən 30-40 faiz artıq olur ki, məhz qanunvericiliyin tələbinə görə, yerdə qalan vəsait geri qaytarılmasın. Bu səbəbdən, əsasən Yeni il bayramı ərəfəsində bəzi qurumlar büdcələrində qalan vəsaitləri işçilərə "13-cü maaş" kimi ödəyir".
Natiq Cəfərli qeyd edir ki, bu, dövlət idarələrinin rəhbərlərinin təşəbbüsündən asılıdır:
"Əgər bir qurumun və ya nazirliyin büdcəsində vəsait qalarsa, daxili əmrlə rəhbərlik işçilərə bayram günlərində əlavə ödənişlər, mükafatlar və ya bonuslar təyin edə bilər. Əgər bir nazirliyin və ya dövlət qurumunun büdcəsində vəsait qalırsa, rəhbərlik daxili qaydada işçilərə əlavə ödənişlər təyin edə bilər. Lakin ilin sonuna qədər ayrılan vəsait qalmırsa, o zaman maaş və ya bonusların verilməsində problem yaranır".
Bununla yanaşı, iqtisadçı dövlət bayramlarında – o cümlədən Novruz bayramında – əlavə maaşların verilməsinin ümumi halda inandırıcı olmadığını vurğulayıb:
"Təməl olaraq bayram günlərində, məsələn, Novruz və ya digər dövlət bayramlarında işçilərə əlavə maaşların verilməsi geniş şəkildə tətbiq edilmir. Bu, yalnız konkret qurumların daxili büdcəsindən və rəhbərliyin qərarından asılı ola bilər".