Dolların qiyməti qalxdı: Manat devalvasiyaya GEDƏCƏK?
Son günlər dünya bazarlarında dolların məzənnəsində nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə Rusiya, Türkiyə və ABŞ kimi ölkələrdə baş verən bu dəyişikliklər qlobal iqtisadiyyata və milli valyutaların sabitliyinə ciddi təsir edir. Rublun dollara qarşı dəyər itirməsi Rusiya iqtisadiyyatını sarsıdır, Türkiyədə isə lirənin ucuzlaşması vətəndaşların alıcılıq qabiliyyətini zəiflədir. ABŞ-da dolların güclənməsi isə digər ölkələrdə inflyasiyanı sürətləndirə bilər.
Dünya siyasətində artan aktivlik və müxtəlif regionlarda münaqişələrin alovlanması da iqtisadiyyata mənfi təsir göstərir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki yeni qarşıdurmalar və ABŞ-ın qlobal mövqeyi dolların dəyərinin artmasına səbəb olub. Bu proseslər neft və qazın qiymətlərində də qeyri-sabitliyə yol açıb.
Azərbaycanın milli valyutası – manat da bu qlobal proseslərdən təsirlənir. Dolların bahalaşması idxal olunan malların qiymətlərinə və ölkədəki iqtisadi vəziyyətə təzyiq yarada bilər. Hazırda hökumətin manatın sabitliyini qorumaq üçün atacağı addımlar diqqətlə izlənir.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Ajans.az-a açıqlamasında bildirib ki, manatın sabitliyini qorumaq üçün hökumətin geniş imkanları mövcuddur:
“Azərbaycan manatı hazırda bazarda dollara fiksə olunmuş vəziyyətdədir. Yəni dolların məzənnəsində baş verən dəyişikliklər manatın digər valyutalara qarşı dəyərini təsirləndirir. Məsələn, dollar lirə qarşısında qalxırsa, manat da lirə qarşısında bahalaşır. Amma manatın dollara nisbətdə dəyişməsi yalnız Mərkəzi Bankın qərarından asılıdır. Son dövrlərdə dolların digər valyutalara nisbətən bahalaşması nəticəsində Azərbaycan manatı da bir sıra valyutalara qarşı bahalaşıb.”
Ekspert manatın devalvasiya riski ilə bağlı da fikirlərini bölüşüb. O qeyd edib ki, bu risk həmişə mövcuddur, lakin indiki halda ehtimal aşağıdır:
“2023 və 2022-ci illərlə müqayisədə bu gün daha çox devalvasiya riski var. Amma yenə də 2021-ci ildə risklər daha yüksək idi. Hazırda hökumət devalvasiyaya könüllü şəkildə gedə bilər, amma buna məcbur deyil. Mərkəzi Bankın açıqlamalarından da görünür ki, məcburiyyət olmadıqca devalvasiyaya gedilməyəcək.”
Xalid Kərimli əlavə edib ki, Azərbaycanın maliyyə siyasətinin bu vəziyyəti necə idarə edəcəyi qarşıdakı aylarda bəlli olacaq. Hazırkı şəraitdə əsas hədəf manatın sabitliyini qoruyaraq iqtisadi sabitliyi təmin etməkdir.