Bu sahələrdə qiymətlər dəyişə bilər - DETALLAR

Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb. artıq bu barədə siqaret satışını həyata keçirən şirkətlər onları məlumatlandırıb. Məlumata görə, “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.
Bəs digər məhsulların qiymətində artım gözlənilirmi?
Məsələ ilə bağlı Ajans.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, tütün məhsullarının qiymətində dəyişiklik gözlənilən idi. Mülki Məcəlləyə edilən dəyişiklik ilə 2025-ci ildən tütün məhsullarından tutulan aksiz dərəcələri dəyişdirilib, bu da qiymətlərdə öz əksini tapdı:
“İl ərzində təxminən 5 faiz ətrafında inflyasiya müşahidə olunacaq. Bütün növ mal və məhsulların qiymətində artımlar gözlənilir. Təbii ki, qida və gündəlik tələbat malları hər zaman ən çox artım müşahidə olunan sahələrdir.
Son zamanlar görürük ki, digər sahələrdə də ciddi artımlar ola bilir. Məsələn, nəqliyyat qiymətləri əhəmiyyətli dərəcədə bahalaşdı. Bu bir tərəfdən yanacağın qiyməti ilə, digər tərəfdən nəqliyyatın keyfiyyətinin artırılması üçün həyata keçirilən tədbirlərlə bağlıdır”.
İqtisadçı onu da qeyd edib ki, qiymətlər dəyişikliyi ilə bağlı proseslərə təsir göstərə biləcək çoxlu faktorlar var, ona görə də proqnoz vermək çətindir:
“İndiki halda kifayət qədər qeyri-müəyyənliklər mövcuddur, xüsusilə beynəlxalq ticarətlə bağlı. İl ərzində inflyasiya təzyiqinin əhəmiyyətli hissəsinin idxaldan formalaşa biləcəyi və bunun proqnozlaşdırma üçün elastik bir məqam olduğunu nəzərə alsaq, hələki konkret dinamikanın necə olacağını demək tezdir. Müxtəlif faktorlar var ki, bunlar qiymətlərin artımına və azalmasına səbəb ola bilər”.