"Baku Bus" avtobusu yük maşınına çırpıldı, ölən və yaralananlar var - YENİLƏNDİ

"Baku Bus" avtobusu yük maşınına çırpıldı,
qəza
Hadisə 04-01-2025 - 13:04
 272

Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ajans.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

"Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik.

Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır", - deyə məlumatda qeyd olunur.

***

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB-dən Ajans.az-a bildirilib.

Bildirilib ki, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Dərhal hadisə yerinə briqada cəlb olunub.

Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.

Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.

***

Bakı şəhər Qaradağ rayonunda “BakuBus” avtobusu ağır qəza törədib.

Bu barədə Ajans.az-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O qeyd edib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.

“99 JZ 185 nömrəli “BakuBus” avtobusu yolun kənarında durmuş Tacikistanın 77 FF 02 nömrəli “Volvo Tır” markalı avtomobili ilə toqquşub. İlkin məlumata görə, “BakuBus”un sərnişinlərindən biri həyatını itirib”, - deyə E.Hacıyev bildirib.

PAYLAŞ: