"Bakcell" vətəndaşların başına bu cür oyun açır! - KÜTLƏVİ ŞİKAYƏTLƏR/FOTOLAR
Son dövrlərdə “Bakcell” ilə bağlı vətəndaşlar narazılıq edir. İnsanlar mobil şirkətin tariflərindən, daha doğrusu tarif adı altında yaranan çətinliklərdən şikayətçidir.
Ajans.az-ın xəbərinə görə, bir neçə müştəri sosial şəbəkələrdə bu barədə paylaşım edib. İstifadəçilərdən biri qeyd edib ki, “Bakcell” öz-özünə tarif aktivləşdirir, deaktiv etsə belə, yenidən geri qayıdır.
Digər bir müştəri də eyni məsələdən dolayı şikayət edib və deyib ki, sözügedən tariflər barədə heç bir xəbəri yoxdur, normalda həmin tarifləri aktivləşdirmək üçün xüsusi kod (məsələn: *555*#yes) yazılmalıdır. Amma müştəri deyir ki, o heç bir kod göndərməyib və nəticədə hər həftə o özü də bilmədən yeni tariflərə qoşulur və pul çıxılır.
Digər istifadəçinin də şikayəti əvvəlkilərlə eyni məzmun daşıyır:
“Şikayətim “bakcell”dəndir. Uzun müddətdir bu mobil şirkətdə olduğum üçün digərlərini deyə bilmərəm, amma soyğunçuluq həddinə çatıblar. Belə ki, “daimonline aylıq 5gb” sosial media limitsiz tarifini aktivləşdirirəm. Guya sosial media limitsizdi, verdikləri internet elə paketdən çıxılır. 5-6 gün çəkmir ki, bitir. Daha betəri isə odur ki, internet bitdikdən sonra çatdırıb mobil datanı söndürməmiş avtomatik balansdan vəsait silinir. Axı heç yerə girmədik, heç nə işlətmədik, dəyərli “bakcell”, balansımızda kontur qalmır axı...”
Daha bir sıra müştərilər də eyni səbəblərə görə “Bakcell” haqqında şikayətlər paylaşıb.