Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi AÇIQLANDI
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.
Ajans.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumatlar göstərir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 207,4 milyon dollar və ya 12,7% azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,31 faizini təşkil edib.
Ötən ilin 11 ayı ərzində Azərbaycandan Almaniyaya 682,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 108,8 milyon dollar və ya 13,7% azdır. Bu dövrdə Almaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 2,80%-ni təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Almaniyaya məhsul idxalını 98,5 min ABŞ dolları və ya illik müqayisədə 11,7% azaldaraq, 744,2 milyon ABŞ dollarına çatdırıb. Bu dövrdə Almaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,96%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.
İxrac 24,3 milyard ABŞ dolları, idxal 18,7 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin 11 ayı ilə müqayisədə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.
Nəticədə xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, bir il əvvəlkindən 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.