Azərbaycanda problemli kreditlər niyə artır?- AÇIQLAMA

2025-ci il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib. Son bir ayda bank işçilərinin sayı 89 nəfər artıb.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstərici cari il yanvar ayının 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4.6% və ya 21 milyon manat artıb.
Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.24 faiz bəndi azalaraq 1.62% təşkil edib.
Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Ajans.az" a söyləyib ki, bu tendensiya banklara da problem yaradır:
"Sahibkarlar və vətəndaşlar kreditlərini qaytara bilmirlər. Ancaq ortada böyük artımdan söhbət gedə bilməz. Çünki ümumilikdə kredit portfelinin sayı da artıb. Ona görə də problemli kreditlərin də artması gözləniləndir. Qeyd edim ki, vəziyyət 10 il bundan qabaqkı kimi deyil. Hazırda durumu idarə etmək mümkündür. Kreditlər qaytarılmırsa, banklar normal fəaliyyət göstərə bilməyəcəklər".