Azərbaycanda internet qiymətlərinin süni ARTIMI: Araşdırma başladı, tariflər endiriləcək?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.08.2024 tarixində yaydığı məlumatda genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanıldığı qeyd olunub.
Ötən aylarda internet provayderlərin abunəçilərə xəbərdarlıq etmədən tarif qiymətlərini artırması geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust 2024-cü ildə genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını elan edib.
Bəs ötən 5 ay ərzində aparılan araşdırma hansı nəticələri ortaya çıxarıb? İnternet provayderlər qanunsuz qiymət artımı ediblərmi? Dövlət Xidmətinin açıqlamalarına görə, hazırda kartel tipli bazar münasibətləri, süni qiymət artımı və istehlakçı hüquqlarının pozulması ilə bağlı toplanmış sübutların araşdırılması davam edir.
Gözlənilən qərar nə olacaq? Tarif qiymətlərində dəyişiklik baş verəcəkmi?
Məsələ ilə bağlı Ajans.az-a danışan İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, internetin qiymət artımı müəyyən obyektiv səbəblərlə bağlıdır:
"Dünyada sürətli internet dedikdə 25 Mbps və daha yüksək sürətlər nəzərdə tutulur. Lakin Azərbaycanda əvvəllər istifadə edilən tariflər əsasən 5-10 Mbps və ya 18 Mbps həcmində olub. Yeni infrastrukturun yaradılması ilə daha yüksək sürətli internet xidmətləri təklif edildiyi üçün qiymətlərə də təsir edib. İnfrastruktur dəyişiklikləri qiymət artımına səbəb olub".
Ekpert qeyd edir ki, Azərbaycanda sürətli internetə uyğun infrastruktur mövcuddur, lakin bu imkanlardan tam istifadə olunması üçün əvvəlki alt paket limitləri yetərli deyildi:
"Bu səbəbdən internetin yenidən qurulması və modernləşdirilməsi baş verdi. Bu proses təbii olaraq tariflərin artması ilə nəticələndi. Əvvəllər internetin sürətinin zəif olmasına əsasən köhnə paketlər səbəb olurdu. Yeni paketlər istifadəyə verildikdən sonra bu problem müəyyən qədər həll edildi və istifadəçilərin şikayətləri azaldı. Yeni infrastrukturu beynəlxalq şirkətlər yox, yerli özəl provayderlər maliyyələşdirdiyinə görə onlar da öz maliyyə planlamalarını nəzərdən keçirib qiymətləri bu çərçivədə tənzimlədilər".
"Qonşu ölkələrlə müqayisədə Azərbaycanda internet tarifləri orta səviyyədədir. Məsələn, bəzi Avropa ölkələrində, xüsusilə Hollandiyada 100 Mbps internet paketi 40 avro kimi yüksək qiymətə satılır. Azərbaycan isə bu sahədə orta mövqedə qərarlaşıb",- deyə Abbasov əlavə edib.
Bütün bunları nəzərə alaraq Elvin Abbasov hesab edir ki, yaxın zamanda internet tariflərinin yenidən ucuzlaşması real görünmür. Belə ki, infrastruktur xərclərinin böyük hissəsi özəl provayderlər tərəfindən qarşılanır və onlar da maliyyə siyasətlərini bu çərçivədə tənzimləyirlər.