Azərbaycanda hərbi xidmətlə bağlı YENİLİK - Nə zaman qəbul olunacaq?

Azərbaycanda hərbi xidmətlə bağlı YENİLİK -
Gündəm 21-10-2024 - 09:12
 555

Son dövrlərdə cəmiyyətdə alternativ hərbi xidmət haqqında qanunun qəbul edilməsi məsələsi yenidən gündəmə gəlib. Xüsusilə bu ilin fevral ayında Milli Məclisdə bu mövzu müzakirə edilib və bəzi millət vəkilləri alternativ hərbi xidmət qanununun qəbulunun vacibliyini vurğulayıblar. Bu cür qanun vicdan və dini baxışlarına görə hərbi xidmətə getməkdən imtina edən şəxslər üçün önəmli bir addım ola bilər. Hazırda Azərbaycanda bu sahədə qanunvericilik mövcud olmasa da, belə bir qanunun gələcəkdə tətbiq edilməsi mümkün hesab edilir.

Alternativ hərbi xidmət nədir?

Alternativ hərbi xidmət bir ölkənin silahlı qüvvələrinə xidmət etməkdən dini, vicdani və ya başqa səbəblərlə imtina edən şəxslərə təklif edilən bir xidmətdir. Bu şəxslər hərbi xidmət əvəzinə dövlətə başqa formalarda: Məsələn, sosial, ictimai və ya mülki xidmətlərdə xidmət göstərirlər. Alternativ hərbi xidmət modeli bir çox ölkədə mövcuddur və fərdlərin hüquqlarına hörmət edərək, onların döyüş və ya silah tətbiqini tələb edən hərbi xidmətə qoşulmamalarına şərait yaradır.

Azərbaycanda alternativ xidmətin perspektivləri

Azərbaycanda alternativ hərbi xidmətin tətbiq edilməsi barədə müzakirələr, əsasən, cəmiyyətin müxtəlif təbəqələrində gedir. Alternativ hərbi xidmətin qəbul edilməsi, xüsusilə dini baxışlarına görə hərbi xidmətə getməkdən çəkinən şəxslər üçün mühüm addım ola bilər. Ancaq bu, hərbi xidmət sisteminə və ölkənin təhlükəsizlik maraqlarına təsir edəcək ciddi bir dəyişiklik olacağından, hökumət tərəfindən geniş müzakirələr və ictimaiyyətin rəyi əsasında həyata keçirilə bilər.

Maraqlıdır, Azərbaycanda alternativ hərbi xidmət haqqında qanunun qəbul edilməsi dini və vicdani azadlıqların qorunması baxımından nə dərəcədə vacibdir?

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Ajans.az-a açıqlamasında bildirib ki, alternativ hərbi xidmət haqqında qanunun qəbul edilib-edilməyəcəyi ilə bağlı hələ ki rəsmi açıqlamalar yoxdur, amma bu nə vaxtsa qəbul olunacaq:

“Alternativ hərbi xidmət haqqında qanunun qəbul edilib-edilməyəcəyi ilə bağlı hələ ki rəsmi açıqlamalar olmasa da, bu mövzu ölkədə böyük maraq və müzakirələrə səbəb olur. Bu gün ali təhsillilər bir il, orta təhsillilər 1 il 6 ay xidmət keçir. Alternativ xidmət isə 2 il, 2 il yarım və ya 3 il müddətində olur. Bu hərbi xidmət növünün qəbul olunmasına çoxdan ehtiyac var”.

Ekspert qeyd edib ki, bu mövzu zamanla gündəmdə qalacaq və gələcəkdə müvafiq qanunvericilik dəyişikliklərinin olacağı ehtimal edilir. Onun sözlərinə görə, alternativ hərbi xidmət modeli bir çox ölkədə mövcuddur:

“Bu ximdət modelinin bizdə də tətbiq olunması məqsədəuyğun olardı. Vətəndaşların hüquqlarına hörmət edərək, onların döyüş və ya silah tətbiqini tələb edən hərbi xidmətə qoşulmamalarına şərait yaratmaq müsbət bir amildir. Bunun üçün daha alternativ yollar mövcuddur və bu mexanizm bizdə də tətbiq ediləcək”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: