Astronavtlar doqquz aydan sonra Yerə qayıtdılar

NASA astronavtları Barri Uilmor və Suni Uilyams doqquz aydan çox müddət ərzində Beynəlxalq Kosmik Stansiyada (BKS) qaldıqdan sonra Yerə qayıdıblar.
Ajans.az xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, 17 saat davam edən uçuşdan sonra “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisinin kapsulu çərşənbə axşamı axşam saatlarında Florida sahilləri yaxınlığında suya enib.
Yayılan məlumatlara görə, kosmosda 286 gün keçirmiş Uilmor və Uilyams NASA-nın Hyustondakı mərkəzində tibbi müayinədən keçəcəklər.
Xatırladaq ki, Barri Uilmor və Suni Uilyams iyun ayında “Boinq” şirkətinin istehsalı olan “Starliner” kosmik gəmisi ilə BKS-yə yollanmışdılar. Onlar stansiyada cəmi səkkiz gün qalmalı və eyni gəmi ilə Yerə qayıtmalı idilər. Lakin yaranan texniki nasazlıq səbəbindən “Starliner”dən istifadə edə bilmədilər.
Avqust ayında NASA astronavtlarının Yerə qayıtması üçün “Boinq”in əsas rəqibi olan “SpaceX” şirkətinin gəmisindən istifadə edilməsi barədə yekun qərarını açıqladı. Bu qərar “Boinq”in kosmik proqramına ciddi zərbə vurdu.