Arvadını işləməyə qoymayan kişilərdən pul alınacaq- YENİ QAYDA

Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər. Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib.
Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:
"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb".
Təklifə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov ‘’Ajans.az’’a bildirib ki, bu cür məsələnin qanunvericilik çərçivəsində hansı qaydada tənzimlənəcəyi maraq doğurur:
‘’Yəni, bu sahəni hansı normativ aktlarla nizamlamaq mümkündür? Çünki belə mövzuların hüquqi əsaslarını müəyyənləşdirmək və sistemləşdirmək mürəkkəb bir prosesdir. Kişinin həyat yoldaşının işləməsinə icazə verməməsi hansı hüquqi əsaslara söykənir? Bunun uçotu hansı qaydada aparılacaq və qanun belə bir məhdudiyyətə imkan verirmi? Ən optimal yanaşma qadınların işləməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Əgər qadın işləmək istəyirsə, ona maneə törədilməməlidir".
İqtisadçı Natiq Cəfərli isə kişinin həyat yoldaşını işləməyə qoyub-qoymadığını müəyyən etməyin çətin olduğunu bildirib:
"Birincisi, bunu necə müəyyən edəcəklər? Sorğu yolu ilə, yoxsa istintaq aparmaqla? Əgər bunun dəqiq bir üsulunu tapsalar, sonrakı addımları müzakirə etmək olar. Məsələn, kişinin həyat yoldaşından soruşacaqlar, o da əri ilə arasını pozmamaq üçün ‘elə şey yoxdur’ deyə bilər".
N.Cəfərli əlavə edib ki, qanunvericilikdə işin həcmi və əlavə dəyər yaradılması əsasında maaş hesablanması üçün xüsusi bir formula hazırlanmalıdır:
"Bu problem dünyada da geniş müzakirə olunub. İnkişaf etmiş ölkələrin bəzilərində artıq həllini tapıb. Azərbaycanda da bu məsələ zaman-zaman gündəmə gəlir. Lakin elə işlər var ki, burada xanımlarla kişilər arasında görülən işin həcmi fərqli olur. Maaş hesablanarkən işin həcmi və yaradılan əlavə dəyər nəzərə alınmalıdır. Bu, cinsiyyətə bağlı olmamalıdır. Dövlət qulluğunda çalışan 890 min nəfər büdcə işçisi var və onların maaşlarında kişi və qadın arasında fərq yoxdur. Nazirliklərdə də eyni prinsip tətbiq edilir. Lakin özəl sektorda müəyyən problemlər qalmaqdadır. Məsələn, kişilər daha yüksək maaş tələb edir və ya daha çox maaş alırlar. Bu kimi hallara müxtəlif sahələrdə rast gəlinir. Ona görə də qanunvericilikdə elə bir hesablama sistemi qurulmalıdır ki, əməkhaqqı işin həcmi və əlavə dəyər əsasında müəyyən edilsin. Bu, cinsiyyətə bağlı olmasın. Belə olduğu təqdirdə qeyri-bərabərlik aradan qaldırıla bilər."
Ekspert qeyd edib ki, qeyri-bərabər maaş problemi əsasən özəl sektorda müşahidə olunur:
"Dövlət özəl şirkətlərə birbaşa müdaxilə edə bilməz, lakin müəyyən təşviqlər təqdim edə bilər. Məsələn, daha çox qadın işçi qəbul edən şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər. Əgər dövlət bu sahədə iştirak etmək istəyirsə, müxtəlif təşviq proqramları hazırlamalıdır. Qadınları və əlilləri işə götürənlərə vergi güzəştləri tətbiq edildiyi təqdirdə əmək bazarında müsbət təsirlər müşahidə oluna bilər."