Naxçıvandan Bakıya gələnlərə AZAL-dan QADAĞA

Naxçıvandan Bakıya gələnlərə
təyyarə
Cəmiyyət 20-12-2024 - 15:21
 172

AZAL Naxçıvandan Bakıya və əks istiqamətə uçan sərnişinlərin təyyarəyə 100 milliqramdan artıq maye keçirməsini qadağan edib.

Ajans.az xəbər verir ki, “Gündəlik Naxçıvan”a müraciət edən şikayətçilər bildiriblər ki, bu qadağa sərnişinləri gözləmə zalındakı kafelərdən baha qiymətə məhsul almağa məcbur etmək məqsədi daşıyır. Sərnişinlər monitordan keçdikdən sonra uzun müddət bu zallarda gözləməli olurlar. Onlar deyirlər ki, hətta dərman qəbul etmək üçün lazım olan su belə monitordan buraxılmır. Sərnişinlərə ya suyu içərək azaltmaq, ya da tamamilə atmaq təklif edilir.


Şəkər xəstəsi olan yaşlı sərnişin Zibeyda Quliyeva bu qaydanın onun sağlamlığına ciddi təsir etdiyini deyir:
"Yaşlıyam, həm şəkər xəstəsiyəm, həm də təzyiqim var. Tez-tez Bakıya müalicəyə gedirəm və dərman qəbul etmək üçün suya ehtiyacım var. Təyyarəyə minərkən çantamda 0.5 litrlik qaynadılmış su götürmüşdüm. Monitorda suyu gördülər və dedilər ki, 100 milliqramdan artıq maye keçirmək olmaz. Bildirdim ki, xəstəyəm və tez-tez dərman qəbul edirəm. Güzəşt etmədilər. Dedilər ki, ya suyu iç, ya da yerə tök. Suyu əlimdən alandan sonra gözləmə zalına getdik. Dərmanı içə bilmək üçün məcbur qalıb burdakı kafaden 3 manata su aldım. Elə, oyun da bunun başındadı. Mən yanıcı maddə aparmıram, dərman qəbul etmək üçün su götürmüşəm. Sadəcə insanları incidirlər."


Naxçıvan sakini Şamil Məmmədov da bu qaydanın əsassız olduğunu bildirir:
"Əlimdə enerji içkisi var idi. Monitordan keçəndə dedilər ki, ya iç, ya da at. Mübahisə etdim, amma xeyri olmadı. Məcbur qalıb içkini oradaca içdim. Sonra da dedilər ki, ehtiyac olarsa, gözləmə zalındakı kafedən al. Adi suyu belə təyyarəyə buraxmırlar. İnsanları məcbur edirlər ki, baha qiymətə onların satış yerlərindən alsınlar."


Başqa bir sərnişin Faiq Həsənov isə Bakıya gedərkən çantasında olan yarım litrlik xamanın təyyarəyə buraxılmadığını bildirir:
"Monitordan keçərkən çantamdakı xamanı gördülər. Dedilər ki, ya geri qaytar, ya da at. Məcbur qalıb xamanı məni yola salan bacım oğluna verdim ki, geri qaytarsın. Harda belə qayda var? Adi qazlı suyu, fantanı, kolanı belə buraxmırlar. Bu, analoqu olmayan qaydalar yalnız Naxçıvan reyslərində tətbiq edilir."

PAYLAŞ: