Dünənki buraxılış imtahanları çətin olub?- RƏY

DİM martın 2-də 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İlkin məlumata görə, 6 nəfər mobil telefon, 1 nəfər isə ağıllı saatla imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün kənarlaşdırılıb. İmtahana sənədsiz və ya düzgün sənədlərlə gələn şagirdlər də olub.
İmtahan nəticələri 6 həftə ərzində açıqlanacaq. Test tapşırıqlarının izahını isə DİM-in sosial şəbəkələrindən əldə etmək olar.
Bəs imtahanlar necə keçib? Şagirdlərin razı və narazı qaldığı hansı məqamlar var?
Bu barədə Ajans.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, dünən keçirilən buraxılış imtahanı ilə bağlı apardığım təhlilə əsasən sualların ümumi səviyyəsi bəzi fənlərdə çox asan, digərlərində isə qarışıq olub:
‘’Xüsusilə Azərbaycan dili və İngilis dili fənlərində sualların dil quruluşu mürəkkəbdir və bu, abituriyentlərin başa düşmə sürətini azalda bilər. Məktəb proqramına uyğun olsa da, bəzi sualların məzmunu və izahı daha aydın olmalı idi.
Bundan başqa, riyaziyyat suallarında bəzi məsələlərin xarici mənbələrdən götürüldüyü və sadəcə tərcümə edildiyi görünür. Bu, bəzi sualların tərtibatında aydın şəkildə hiss olunur. DİM iddia edir ki, suallar xüsusi olaraq hazırlanır və ekspertlərə yüksək maaşlar verilir, amma real vəziyyət belə deyil – sualların xarici mənbələrdən götürülməsi, bu xidmətin haqlı olmasına şübhə yaradır.
Mürəkkəb quruluşlu suallarla bağlı fikirlər də doğrudur. DİM son illərdə bəzi testlərdə cümlə strukturunu lazımsız şəkildə mürəkkəbləşdirir, bu da abituriyentlər üçün əlavə vaxt itkisinə səbəb olur. Xüsusilə, məzmun sadə olduğu halda, sualların ifadə tərzinin çətinləşdirilməsi, abituriyentləri yalnız dilə uyğunlaşmağa məcbur edir, bilik yox. Beynəlxalq təcrübədə isə sualların sadə və dəqiq olması əsas götürülür.
Təəssüf ki, buraxılış imtahanı abituriyentlərin real bilik və bacarıqlarını yoxlamaqda effektiv deyil. Son illərdəki nəticələr göstərir ki, testlərin böyük hissəsi əzbərçiliyə əsaslanır və məntiqi düşünməni yoxlamağa yönəlmir. Bu isə ali təhsil müəssisələrində keyfiyyətli tələbə kütləsinin yetişməsinə mənfi təsir edir.Əgər imtahan sistemi abituriyentləri universitet təhsilinə hazırlamağı hədəfləyirsə, suallar daha çox tənqidi düşüncə, analiz və məntiq üzərində qurulmalıdır’’.
‘’Əksinə, bu yanaşma imtahan nəticələrinin manipulyasiya olunmasına xidmət edir. Ümumilikdə, buraxılış imtahanında sualların məntiqi uyğunluğu, sadə və aydın ifadə olunması, eləcə də testlərin məzmununun tələb olunan standartlara cavab verməsi məsələsi hələ də həll edilməyib. DİM bu sahədə daha çox iş aparmalı, şəffaflıq nümayiş etdirməlidir. Əgər suallar xarici mənbələrdən götürülürsə, bu açıq şəkildə bildirilməli, ekspertlərə ayrılan vəsaitin necə xərcləndiyi barədə ictimai hesabat verilməlidir. Əks halda, buraxılış imtahanları yalnız abituriyentlər üçün deyil, ümumilikdə təhsil sistemi üçün problem olaraq qalacaq’’.