Sülh gündəliyi dəyişdi: Yeni mərhələ BAŞLADI

Sülh gündəliyi dəyişdi:
Müharibə
Siyasət 06-11-2024 - 16:09
 116

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-də prezident seçkilərində qalib gəlib. Bu barədə “Fox news” məlumat yayıb. Mənbə qeyd edir ki, Tramp artıq 277 səslə qələbəni təmin edib. Demokratların namizədi Kamala Harris isə səslərin 226-nı toplayıb. Demokratlara yaxınlığı ilə tanınan CNN telekanalı isə Trampın hazırki nəticələrə əsasən 266 səs topladığını bildirib.

Mənbə qeyd edib ki, səslərin sayılmasının davam etdiyi ştatların hamısında Kamala Harris qələbə qazansa belə, Demokratların namizədinin tələb olunan 270 səsi toplaması mümkün deyil.

Donald Tramp ABŞ-də prezident seçilməmişdən əvvəl prezident seçilərsə, hazırda dünyada gedən müharibələri - əsasən də, Rusiya-Ukrayna savaşını dayandıracağını bildirmişdi.

Maraqlıdır, bundan sonra müharibənin taleyi necə dəyişəcək?

Məsələ ilə bağlı Ajans.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Donald Trampın seçiləcəyi gözlənilirdi və bu baş verdi:

“Tramp seçki kampaniyasında dünyada gedən bir sıra münaqişələri bitirəcəyinə dair vədlər vermişdi. Yəni Trampın metodları bir qədər fərqlidir. ABŞ-nin siyası kursunu əsaslı şəkildə dəyişəcək deyə bir şey yoxdur. Sadəcə prezidentlər bunu icra edərkən öz yöntəmləri ilə edirlər. Trampın bundan əvvəlki prezidentlik dövründə biz bunların şahidi olduq ki, o müəyyən bölgələrdən Amerikanın qoşunlarını çəkdi. Suriyada bunu Rahat etdi, Əfqənistandakı hadisə də Baydenin hakimiyyətinə düşsə də, Bayden Trampın qoyduğu siyasi kursu izlədi”.

Politoloq qeyd edib ki, Tramp bundan sonra həmin o prosesin fərqli bir metodunu izləyəcək və münaqişələrin bitirilməsi mərhələsinə gedəcək:

“Təbii ki, bacaracaq yoxsa yox, bunu zaman göstərəcək. Rusiya-Ukrayna müharibəsi hazırda çox çətin bir perioddadır. Rusiya Ukrayna ərazilərini işğal edib, Ukrayna isə ərazi itkisi hesabına sülhə razı deyil. Bu məsələ bir az çətin olacaq. Ən çətin məsələ Amerika ilə Rusiya arasında dialoqun qurulmasıdır ki, əsas kilid nöqtəsi də bu olacaq”.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: