Britaniya və Fransa Ukrayna limanlarına qoşun yeridəcək - KİV

London və Paris öz hərbi kontingentlərini Ukraynada döyüş təmas xəttində deyil, limanlarda, şəhərlərdə, eləcə də Ukraynanın atom elektrik stansiyalarında və digər infrastruktur obyektlərində yerləşdirməyi planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən yazır.
Adı açıqlanmayan Qərb rəsmilərindən biri nəşrə bildirib ki, Fransa və Böyük Britaniyanın hərbi kontingenti şərqdə, yəni təmas xəttində deyil, Ukraynanın “kritik əhəmiyyətli milli infrastruktur obyektlərində” yerləşdiriləcək.
Eyni zamanda, məqalə müəllifləri Ukraynaya potensial hərbi kontingentin göndərilməsinin buna qərar verən ölkələrin müdafiəsinə mənfi təsir göstərəcəyinə diqqət çəkirlər. Nəşr alyansın hərbi planlarında “deşik”in yarana biləcəyindən bəhs edir.
Bir neçə gün əvvəl, fevralın 24-də Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan etmişdi ki, Birləşmiş Krallıq təhlükəsizliyi təmin etmək üçün digər Avropa ölkələri ilə birlikdə Ukraynaya öz hərbi kontingentini göndərməyə hazırdır.
Eyni zamanda Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib ki, bu gün Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, Aİ-nin mümkün təhlükəsizlik təminatları mövzusunu müzakirə etmək hələ tezdir.