Qarabağda ödənişli yollar salınacaq!

Qarabağda ödənişli yollar salınacaq!
Cəmiyyət 18-02-2025 - 12:07
 51

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək. Ajans.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiy İnzibati Xətalar Məcəlləsinə edilən yeni -352-1-ci maddəsində əksini tapıb.

Qanuna əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Ajans.az"a bildirib ki,ödənişli yollar yol infrastrukturunu yaxşılaşdırmaq, tıxacları azaltmaq, xidmət keyfiyyətini artırmaq məqsədi ilə yaradılıb:

‘’Qayda varsa, hər bir vətəndaş buna əməl etməlidir. Ödənişli yollardan istifadə etmək üçün sürücülər müəyyən məbləğ ödəməlidirlər. Əgər kimsə qaydanı pozursa, həmin şəxs cərimə edilməlidir. Əsas nüans ödənişsiz yolların vəziyyətinin dəyərləndirilməsidir. Ümumiyyətlə, ödənişli yol praktikası yaxın illərdə daha geniş yayılacaq. Yəni, indiki halda bu üsuldan şimal istiqamətində istifadə edilirsə, yaxın zamanda bütün tərəflərdə hətta, Qarabağ bölgəsində belə, tətbiq olunacaq. Fikrimcə, ödənişsiz yollara da diqqət ayırmalıyıq. Təbii ki, cərimələr tətbiq edib nəzarəti gücləndirməklə bütün neqativ halların öhdəsindən gəlmək olar. Hələlik geniş şəkildə ödənişli yollar sistemi mövcud olmasa da, bu sistemin gələcəkdə tətbiqi ölkənin yol infrastrukturunun inkişafına böyük töhfə verə bilər".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: