Rusiyadan qaçmış məşhur jurnalisti HƏBS ETDİLƏR
Moskvada jurnalist Arkadi Babçenko qiyabi olaraq 1 il 6 ay azadlıqdan məhrum edilib.
Ajans.az xəbər verir ki, bu barədə Moskva Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, Rusiyada "xarici agent" kimi tanınan və terrorçu və ekstremistlər siyahısına daxil edilən Babçenko Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (xarici agentin fəaliyyəti ilə bağlı müəyyən edilmiş qaydaların təkrar pozulması) üzrə təqsirli bilinib.
Qərara əsasən, o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və iki il ərzində internet saytlarını idarə etmək hüququndan da məhrum olunub.
Arkadi Babçenko 2017-ci ilin fevralında aldığı təhdidlər səbəbindən Rusiyanı tərk edib. 2018-ci ildə Ukrayna hakimiyyəti onun öldürüldüyünü açıqlasa da, jurnalist qısa müddət sonra mətbuat konfransında çıxış edərək ölümünün təhlükəsizlik orqanlarının keçirdiyi xüsusi əməliyyat çərçivəsində səhnələşdirildiyini bildirib.
Daha sonra, 2019-cu ilin noyabrında Babçenkonun Ukraynanı tərk edərək İsrailə köçdüyü məlum olub.