Bu küçələrdə hərəkət MƏHDUDLAŞIR
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə daha 5 küçədə təmir işlərinə başlanılır.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, iyulun 16-dan etibarən Nəsimi rayonunda Ağadadaş Qurbanov, Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani və Nizami rayonunda Əliağa Kürçaylı küçələrində təmir işlərinə start veriləcək.
İyulun 17-dən isə Nizami rayonunda Cəlil Naxçıvanski küçəsində (8-ci km bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonunda Ayna Sultanova küçəsində təmir işləri aparılacaq.
AAYDA qeyd edib ki, təmir işləri müddətində göstərilən yol sahələrində işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı və mümkün olduqda alternativ yollardan istifadə etməyi tövsiyə edib.