ABŞ Venesuelaya 900-dən çox hərbçi göndərib
ABŞ Venesuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə ölkəyə 900-dən çox hərbçi göndərib.
Ajans.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Cənub Komandanlığının rəhbəri general Fransis Donovanın açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, əlavə olaraq 800-ə yaxın hərbçi Kurasao və Puerto Rikoda yerləşdirilib. ABŞ ordusu vəziyyətin qiymətləndirilməsi, zərər görmüş ərazilərin müəyyənləşdirilməsi və yolların vəziyyətinin monitorinqi üçün 4–5 ədəd MQ-9 Reaper kəşfiyyat pilotsuz uçuş aparatından da istifadə edir.
General Donovanın sözlərinə görə, bu texnologiyalar əvvəllər təhlükəsizlik məqsədləri üçün istifadə olunsa da, hazırda humanitar əməliyyatlara cəlb edilib.
"Adətən Qərb yarımkürəsindəki təhdidləri izləmək üçün istifadə etdiyimiz imkanlardan indi yolların keçidə yararlı olub-olmadığını müəyyən etmək və zədələnmiş binaları aşkar etmək üçün istifadə edirik", – deyə o bildirib.
Donovan vurğulayıb ki, ABŞ hərbçilərinin Venesueladakı missiyası yalnız humanitar xarakter daşıyır və uzunmüddətli hərbi yerləşdirmə nəzərdə tutulmur.
"Biz burada qalmaq üçün deyilik. Missiyamız başa çatdıqdan sonra ölkəni tərk edəcəyik", – general əlavə edib.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təkanların episentri Yarakuy ştatında yerləşib.
Son rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 1943 nəfər həlak olub, 10 571 nəfər isə yaralanıb.