Ukrayna Rusiyanın neft anbarını VURDU
Rusiyanın Krasnodar diyarında yerləşən Poltavskaya neft anbarında Ukrayna dronlarının gecə hücumundan sonra yanğın baş verdiyi bildirilir.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 25-nə keçən gecə qeydə alınıb.
Krasnoarmeyski rayonunun rəhbəri Aleksandr Xaritonov neft anbarında yanğının baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, vurulan pilotsuz uçuş aparatının qalıqları obyektin ərazisinə düşərək alovlanmaya səbəb olub.
“Neft anbarında baş verən yanğın dronun qalıqlarının düşməsi nəticəsində yaranıb. Hazırda hadisə yerində operativ və fövqəladə xidmətlərin əməkdaşları çalışırlar”, – deyə Xaritonov bildirib.
Rəsmi şəxs əlavə edib ki, təhlükəsizlik məqsədilə Poltavskaya və Trudobelikovski kəndləri arasındakı avtomobil yolu müvəqqəti olaraq bağlanıb.
Məlumata görə, Poltavskaya neft anbarı regionun mühüm yanacaq infrastrukturu obyektlərindən biridir. Obyekt Krasnodar diyarının və Adıgey Respublikasının bir sıra yaşayış məntəqələrinin yanacaq təchizatında mühüm rol oynayır. Neft bazasının çən parkında təxminən 28 yanacaq çəni yerləşir.
Hadisə nəticəsində xəsarət alanlar və ya yanğının miqyası ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.