Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi “Spark Tələbə İnnovasiya Proqramı”nı uğurla yekunlaşdırıb.
Ajans.az xəbər verir ki, beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim edib. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi alıb və fərqli mövzularda təlimlər keçiblər.
Bir ekosisteminin yerli innovasiya
laboratoriyası Future Lab-da təşkil olunan finalda münsiflərin
qiymətləndirməsinə əsasən, ən innovativ həllər təklif edən üç komanda qalib
adını qazanaraq pul mükafatları ilə təltif olunublar. Birinci yerə “KəndYol”
komandası (4000 AZN), ikinci yerə “AEVIC Esports” komandası (2000 AZN), üçüncü
yerə isə “Booker” komandası (1000 AZN) layiq görülüb.
İlk
yerin qalibi olan “KəndYol” aqrar sahədə istehsalçılar və istehlakçılar
arasında əlaqələrin daha səmərəli qurulmasına yönəlmiş həllə çıxış edib.
Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə
alınaraq, komanda münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.
İkinci
yerin sahibi “AEVIC Esports” gənclərin inkişafına və ölkədə esports
(kiberidman) ekosisteminin gücləndirilməsinə istiqamətlənmiş yanaşması ilə
fərqlənib. Bu layihənin məqsədi yeni istedadların kəşf edilməsi və onların
peşəkar və karyera inkişafı, o cümlədən ümumilikdə esports mədəniyyətinin
aşılanmasını dəstəkləməkdir.
Son
olaraq, “Booker” komandasının irəli sürdüyü layihə bilik və mütaliə
resurslarının daha əlçatan və səmərəli şəkildə paylaşılmasını, oxu
mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi
hədəfləyir. Layihənin cəmiyyətə müsbət sosial təsir potensialı münsiflər heyəti
tərəfindən üçüncü yer ilə dəyərləndirilib.
Bununla yanaşı, finalda iştirak edən 9 komandanın bütün üzvləri
Bir ekosisteminin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olunublar.
Məqsəd yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya
gətirmək, onların karyera və inkişafını stimullaşdırmaq, real iş mühitində
praktik təcrübə imkanı yaratmaqdır.
Bir Azərbaycanda fərdi və korporativ
müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən,
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı
brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət
platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə
birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan
çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol
Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir,
Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az