Trampın yeni gizli "SİLAHI"
ABŞ prezidenti Donald Trampın nəvəsi Kai Tramp son aylarda ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Cəmi 19 yaşı olan Kai artıq MAGA (Make America Great Again – Amerikanı Yenidən Böyük Et) hərəkatının tərəfdarları arasında öz fanat bazasını formalaşdırmağa başlayıb və Tramp ailəsinin ən perspektivli simalarından biri kimi qiymətləndirilir.
Ajans.az xəbər verir ki, Kai Tramp ailəsinin ictimai həyatında getdikcə daha mühüm rol oynayır. O, son vaxtlar babasını bir sıra nüfuzlu tədbirlərdə müşayiət edərək medianın diqqət mərkəzinə düşüb. Kai Donald Trampla birlikdə Ağ Evin Cənub Çəmənliyində keçirilən UFC tədbirində, Madison Square Garden-də baş tutan NBA Finalının üçüncü oyununda, Doraldakı Cadillac Çempionatında və NCAA Milli Kollec Futbol Çempionatında görüntülənib.
İvankanın yerini yeni nəsil tutur?
Bir vaxtlar Donald Trampın ən yaxın siyasi müttəfiqlərindən biri olan qızı İvanka Tramp atasının prezidentliyi dövründə onun əsas müşavirlərindən biri kimi çıxış edirdi. O, demək olar ki, bütün mühüm tədbirlərdə Trampın yanında yer alırdı.
Lakin Ağ Evdəki ilk prezidentlik müddətinin başa çatmasından sonra İvanka və ailəsi siyasi həyatdan uzaqlaşaraq Florida ştatının Mayami şəhərinə köçdülər. Hazırda o, daha çox şəxsi həyatı, xeyriyyəçilik fəaliyyəti və ailəsi ilə keçirdiyi vaxtla gündəmə gəlir.
İctimaiyyətlə əlaqələr və imic mütəxəssislərinin fikrincə, İvanka siyasətdən uzaq qalmağa üstünlük versə də, Tramp ailəsi artıq yeni simaya sahibdir. Onların qənaətincə, Kai Tramp gələcəkdə ailənin ən tanınmış nümayəndələrindən birinə çevrilə və hətta məşhurluq baxımından xalası İvankanı da geridə qoya bilər.
