Güclü zəlzələdə 12 nəfər ÖLÜB
Filippinin cənub sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Associated Press agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, 7,8 bal gücündə qeydə alınan zəlzələ nəticəsində Mindanao adasının şimal və mərkəzi hissələrində məktəblər, xəstəxanalar və yaşayış evləri də daxil olmaqla ən azı 37 binaya ziyan dəyib. Hazırda zərərçəkmiş ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsi davam edir, polis və xilasedici qüvvələr yardım işlərinə cəlb olunub.
Filippin Prezidenti Ferdinand Markos Jr. Mindanaonun bir sıra bölgələrində məktəblərdə dərslərin müvəqqəti dayandırılması barədə göstəriş verib.
Zəlzələ nəticəsində General Santos şəhərində bir neçə bina çöküb. Adanın bəzi ərazilərində isə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Güclü yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 07:38-də Mindanao adası sahillərində qeydə alınıb. Avropa seysmoloqları ilkin olaraq zəlzələnin maqnitudasını 8,1 qiymətləndirsələr də, sonradan bu göstərici 7,8-ə endirilib. Çin Seysmoloji Mərkəzi isə əvvəlcə 8,2 bal gücündə zəlzələ barədə məlumat versə də, daha sonra maqnitudanı 7,9 olaraq dəqiqləşdirib.