Azərbaycanın Avroviziya mahnısı süni intellekt ilə YAZILIB?
2026-cı ilin “ Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçimiz “Jiva”nın ifa etdiyi “Just Go” musiqisinin sözlərinin 85% süni intellektdən hazırlandığı iddiaları yayılıb. Qeyd edək ki, Azərbaycanın Avroviziyada iştirakı və digər məsələlər ilə bağlı işlərə “İctimai” TV nəzarət edir.
Məsələ ilə bağlı Ajans.az İctimai TV-nin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Mətbuat katibi Turab Teymurov bildirib ki, mahnı orijinal olaraq Azərbaycan dilində yazılmışdır. Onun müəllifi Amerika Bəstəkarlar İttifaqının üzvü, Fuad Cavadovdur. O təhsilini Asəf Zeynallı adına Musiqi Kolleci və Azərbaycan Milli Konservatoriyasında alıb. Bəstəkar Azərbaycanlıdır və bir neçə yerli sənətçilər ilə çalışıb.
Avroviziya üçün ən sadə sözlər seçilərək müəllif Fuad Cavadov tərəfindən ingilis dilinə uyğunlaşdırılıb.
“Fuad Cavadovun ingilis dili bilikləri sorğulana bilməz, çünki adam 30 ildir ABŞ’da yaşayıb.”-deyə, o qeyd edib.
Həmçinin, Turab Teymurov açıqlayıb ki, mahnı bir qadının keçirdiyi duyğulardan bəhs edir. Və bu hissləri yaşayan heç bir insan qəliz cümlələrdən istifadə edərək özünü ifadə etmir. Maksimum səmimiyyət və sadəlik açar mesaj kimi seçilib.
Sonda o əlavə edib ki, aranjiman zamanı müxtəlif proqramlardan istifadə olunub. Bu da süni intellekt təsviri yarada bilər. Lakin yayılan iddiaların heç bir əsası yoxdur.