Tanınmış aktyorun səhhəti PİSLƏŞDİ
“Bığlı dayə” filmindəki Keşa obrazı ilə tanınan Sergey Proxanov bel ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib. Onun yaxın bir ay ərzində iştirakı nəzərdə tutulan tamaşaların ləğv olunacağı və ya təxirə salınacağı bildirilir.
Ajans.az xəbər verir ki, Mash kanalı məlumat yayıb. “Ay Teatrı”nın 73 yaşlı yaradıcısı dözülməz bel ağrıları səbəbindən təcili olaraq spinal neyrocərrahiyyə mərkəzinə hospitalizasiya olunub. Həkimlər ona onurğa kanalının daralması və kista diaqnozu qoyublar.
Bildirilir ki, Sergey Proxanov uzun müddətdir bu problemlərdən əziyyət çəkirmiş və son vaxtlar vəziyyəti daha da ağırlaşıb. Aktyor xəstəxanada bir sutkadan bir qədər çox qalıb, lazımi prosedurlardan sonra isə həkim nəzarəti altında evə buraxılıb. Hazırda o, müalicəsini evdə davam etdirir.
Həkimlər ona ən azı bir ay ərzində fiziki yüklənmədən və iş fəaliyyətindən uzaq qalmağı tövsiyə ediblər. Buna görə də aktyorun iştirakı ilə planlaşdırılan tamaşalar ya ləğv oluna, ya da başqa tarixə keçirilə bilər.
Sergey Proxanov jurnalistlərin zənglərinə cavab verməyib.