Tanınmış jurnalist SAXLANILDI
Almaniyanın ictimai yayımçısı Deutsche Welle-nin (DW) araşdırmaçı jurnalisti Alikan Uludağ Türkiyədə saxlanılıb.
Ajans.az DW-ə istinadən xəbər verir ki, jurnalist Ankarada “yalan məlumat yaymaq” ittihamı ilə həbs edilib. İstanbul Baş Prokurorluğu fevralın 19-u axşam saatlarında Uludağın saxlanıldığını və onun bir neçə sosial media paylaşımı əsasında barəsində cinayət işi açıldığını açıqlayıb.
Məlumata əsasən, saxlanılma əməliyyatında 30-a yaxın polis əməkdaşı iştirak edib. Hüquq-mühafizə orqanları jurnalistin mənzilində axtarış apararaq kompüter avadanlıqlarını müsadirə ediblər. Onun cümə günü prokurorluğa çıxarılması planlaşdırılır.
Uludağ bir neçə il DW-də çalışıb. Yayımçının bildirdiyinə görə, Türkiyə hakimiyyəti onu ictimaiyyətə bilərəkdən yalan məlumat yaymaqda, eləcə də dövlət qurumlarını və prezidentini təhqir etməkdə ittiham edir.
İttihamların jurnalistin təxminən bir il yarım əvvəl “X” platformasında dərc olunmuş məqaləsi ilə bağlı olduğu bildirilir. Həmin yazıda o, Türkiyə hökumətini şübhəli “İslam Dövləti” təşkilatı üzvlərinin azad edilməsinə gətirib çıxaran addımlara və korrupsiya halları ilə bağlı tənqid edib.
DW ittihamları əsassız adlandıraraq müxbirin dərhal azadlığa buraxılmasını tələb edib. Yayımçının baş direktoru Barbara Massinq bildirib ki, Alikan Uludağ korrupsiya mövzusunda ixtisaslaşmış tanınmış araşdırmaçı jurnalistdir və ona qarşı belə davranış mətbuat azadlığına təzyiq kimi qiymətləndirilməlidir.
Hazırda DW jurnalistin ailə üzvləri, yerli vəkillər və Türkiyənin aidiyyəti qurumları ilə əlaqə saxladığını açıqlayıb.