Rusiyada vertolyot İTKİN DÜŞÜB
Rusiyanın Amur vilayətində Robinson R44 tipli vertolyotun axtarışları davam edir.
Ajans.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, göyərtədə hüquq-mühafizə orqanlarının əməkdaşları – Rusiya İstintaq Komitəsinin Amur vilayəti üzrə Oktyabrski Rayonlararası İstintaq İdarəsinin müstəntiqi, həmçinin Oktyabrski rayon Daxili İşlər Şöbəsinin və yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəhbəri olub.
Mənbənin bildirdiyinə görə, onlar əvvəlcə meşə təsərrüfatı ərazisinə quru yolu ilə gəlib, daha sonra vertolyotla geri qayıtmalı olublar.
İlkin məlumata əsasən, uçuş üçün müvafiq icazə alınmayıb. Vertolyotun Romnı bələdiyyə rayonunda, Amaranka kəndindən təxminən 130 kilometr aralıda yerləşən ağac kəsmə sahəsindən havaya qalxdıqdan sonra itkin düşdüyü bildirilir. Məlumata görə, hava gəmisi həmin ərazidən Romnı kəndinə qayıdırdı.
Vertolyot fevralın 19-da yerli vaxtla saat 23:00 radələrində (Bakı vaxtı ilə saat 18:00) havaya qalxıb. Göyərtədə üç nəfərin olduğu qeyd edilir.
Hazırda axtarış-xilasetmə əməliyyatına 40-dan çox şəxs və 14 texnika cəlb olunub. Onların arasında üç qar arabası və bir pilotsuz uçuş aparatı da var.