Britaniya 16 yaşdan kiçiklər üçün sosial mediaya QADAĞAN EDƏCƏK
Böyük Britaniya hökuməti 2026-cı ilin əvvəlindən etibarən 16 yaşdan kiçik yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa tətbiq etməyi nəzərdən keçirir.
Ajans.az xəbər verir ki, bu barədə 16 fevral tarixində The Times qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Baş nazir Keir Starmerin ölkədə sabitliyin gücləndirilməsi istiqamətində təşəbbüsləri çərçivəsində uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət qoyula bilər.
Qəzetin yazdığına əsasən, ictimai məsləhətləşmələr başa çatdıqdan sonra müvafiq məhdudiyyətlərin bu yay qüvvəyə minməsi gözlənilir. Tədbirlərin yalnız sosial media platformalarına deyil, həm də süni intellekt əsaslı çatbotlara şamil ediləcəyi bildirilir.
Bundan əlavə, Nazirlər Kabineti internet platformalarından yetkinlik yaşına çatmayan istifadəçilərin sonsuz sürüşmə (infinite scroll) funksiyası olan xidmətlərdə keçirdikləri vaxta məhdudiyyət tətbiq etməyi tələb etməyi planlaşdırır.
Məlumata görə, hökumət “Onlayn Təhlükəsizlik Qanunu”na düzəlişlərin hazırlanmasına təcili qaydada başlayacaq. Eyni zamanda, mövcud qanunvericilikdəki boşluqların aradan qaldırılması və bütün süni intellekt çatbotu təminatçılarının qanunsuz məzmunla mübarizə tələblərinə əməl etməsinin təmin edilməsi nəzərdə tutulur.