Rusiyaya HÜCUM
Çərşənbə axşamı Krasnodar diyarı və Adıgey Respublikası Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Ajans.az İnterfax.ru-ya istinadən xəbər verir ki,Adıgeyin Taxtamukayski rayonunun Novaya Adıgey kəndində PUA hücumu nəticəsində çoxmənzilli yaşayış binası və avtomobillərlə dolu dayanacaqda yanğın baş verib. Hadisə zamanı bir uşaq da daxil olmaqla səkkiz nəfər xəsarət alıb. Yaralılardan ikisinin müalicə üçün Krasnodar şəhərinə aparılacağı bildirilir. İlkin məlumatlara görə, 15 avtomobil tamamilə yanıb, daha 25 avtomobil isə zədələnib.
Krasnodar diyarında ən çox zərər görən ərazi Severski rayonu olub. Döyüş başlığı olan dronun qalıqları Afipski qəsəbəsində yerləşən, 177 mənzildən və dörd girişdən ibarət yaşayış binasının yaxınlığına düşüb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub, onlar üçün idman məktəbinin binasında müvəqqəti sığınacaq yaradılıb.
Dron qalıqlarının düşməsindən sonra Afipski Neft Emalı Zavodunun ərazisində yanğın qeydə alınıb. Yanğın qısa müddətdə söndürülüb, xəsarət alanlar və infrastruktura ziyan barədə məlumat yoxdur.
Bundan başqa, PUA qalıqları Afipskidə fərdi yaşayış evinin yaxınlığına düşüb, Lvovskoye kəndində isə köməkçi tikiliyə ziyan dəyib. Hər iki halda yanğın operativ şəkildə nəzarət altına alınıb.