Aİ 2027-ci ildə ukraynalı qaçqınlara dəstək proqramını dayandıra bilər
Avropa Komissiyası Ukrayna hakimiyyətini xəbərdar edib ki, Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yönəlik müvəqqəti mühafizə proqramını 2027-ci ilin mart ayından sonra dayandırmağı planlaşdırır.
Ajans.az xəbər verir ki,bu barədə Ali Radanın deputatı Viktoriya Qrıb YouTube-da yayımlanan “Superpozitsia” proqramında məlumat verib.
Deputatın sözlərinə görə, həmin tarixdən sonra yalnız Aİ ölkələrində rəsmi işlə təmin olunan, yaşayış icazəsi və ya vətəndaşlıq əldə edən Ukrayna vətəndaşları qalmağa davam edə biləcək. Digər şəxslər isə vətənə qayıtmalı olacaqlar.
Sentyabrın 16-da Aİ Şurası üzv dövlətlər üçün yeni tövsiyələri təsdiqləyib. Sənəddə müvəqqəti mühafizə statusunun mərhələli şəkildə ləğvi, qaçqınların Ukraynaya qayıdışı və reinteqrasiyasının asanlaşdırılması məqsədi ilə tədbirlərin görülməsi tövsiyə olunur.
Qeyd edək ki, Aİ-nin Müvəqqəti Mühafizə Direktivi 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra aktivləşdirilmişdi. Bu direktiv sonuncu dəfə 2027-ci ilin martın 4-dək uzadılıb. Yeni tövsiyələr ölkələrin proqramdan koordinasiyalı şəkildə çıxmasına şərait yaratmağı hədəfləyir.
Aİ Şurası eyni zamanda milli hökumətləri qaçqınların məlumatlandırılmasını təmin etməyə, Ukrayna ilə məlumat mübadiləsini və monitorinqi gücləndirməyə çağırır. Şuraya görə, qaçqınlara iş, təhsil və ailə səbəbləri ilə yaşayış icazəsi almaq üçün imkan yaradılmalıdır. Bununla belə, eyni anda həm müvəqqəti mühafizə statusu, həm də digər yaşayış icazəsi əldə etmək mümkün olmayacaq.
Bəzi Aİ ölkələri artıq ukraynalıların geri dönüşünü təşviq etmək üçün təşəbbüslər irəli sürür. İrlandiya könüllü qayıdan qaçqınlara 2 500 avroya, ailələrə isə 10 000 avroyadək maliyyə yardımı təklif etməyi planlaşdırır. Norveçdə bu məbləğ 17 500 kron, İsveçdə 10 000-40 000 kron, Finlandiyada isə 5 300 avroyadək təşkil edə bilər.
Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin baş müşaviri Martin Vaqnerin sözlərinə görə, tövsiyələrin məcburi xarakter daşımaması ölkələrə tətbiqdə geniş şərh imkanı verir və burada əsas məsələ onların koordinasiyalı şəkildə həyata keçirilməsidir.
Brüsseldə yerləşən Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Vit Novotni isə hesab edir ki, bu tövsiyələr Aİ-nin müvəqqəti mühafizə proqramını 2027-ci ildən sonra uzatmayacağını göstərir. Onun fikrincə, müharibə davam etdiyi halda, ukraynalılar Almaniyada tətbiq olunan “çıxarılmanın müvəqqəti möhləti”nə bənzər mexanizmlərlə Aİ-də qala bilərlər. Bu status, şəxsin mənşə ölkəsində təhlükə olduğu təqdirdə deportasiyanın qarşısını alır.
Novotninin sözlərinə görə, Aİ Şurasının tövsiyələri ölkələrin proqramdan koordinasiyasız şəkildə çıxmasının qarşısını almağa yönəlib. Lakin konkret tədbirlər və icra mexanizmləri sənəddə yer almır.