İsraildə xəstəxanaya kiberhücum OLUB
İsrailin Asəf Harofeh Tibb Mərkəzinə edilən kiberhücum nəticəsində xəstəxanaya və xəstəxanadan göndərilən e-poçt yazışmalarının sızdığı bildirilib.
Ajans.az xəbər verir ki,bu barədə İsrailin Səhiyyə Nazirliyi və Milli Kiber Direktorluğu birgə açıqlama yayıb.
Rəsmi məlumata görə, hücum sentyabrın 25-də baş verib və nəticədə bəzi e-poçtlarda yer alan tibbi məlumatlar da sızdırılıb. Lakin hazırda xəstəxananın əsas tibbi məlumat bazasında – pasiyentlərin məlumatlarının saxlandığı sistemdə hər hansı pozuntuya dair sübut tapılmayıb.
Səlahiyyətli orqanlar hücumun "ilkin mərhələdə bloklandığını" və xəstəxananın əsas fəaliyyətinin fasiləsiz davam etdiyini bildiriblər.
İsrailin Ynet nəşrinin məlumatına görə, kiberhücumun arxasında “Qilin” adlı, Şərqi Avropada yerləşdiyi güman edilən rusdilli haker qrupu dayanır.
The Guardian xatırladır ki, bu qrup ötən il Böyük Britaniyada bir neçə xəstəxanaya kiberhücum təşkil edərək tibbi testlərin və əməliyyatların təxirə salınmasına səbəb olmuşdu.
Hadisə ilə bağlı araşdırmalar davam edir.